"Azərbaycanda pərakəndə ticarət obyektləri və satış məntəqələrində tütün məmulatlarının görünməsi və hər hansı təsvirinin verilməsi qadağan edilməlidir".

Unikal.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdir müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, satış obyektlərində tütün məmulatlarının görünməsinin özü elə onların reklamı hesab oluna bilər: "Bu, siqaret çəkməyən insanlarda belə onlara qarşı maraq yarada bilər. Siqaret vitrini tütünçəkməni təbliğ edir. Buna görə də Rusiyada olduğu kimi, Azərbaycanda da tütünlə mübarizə üzrə qanunvericiliyə siqaretlərin vitrinlərdə görünməsinin qadağan edilməsi məsələsi daxil edilməlidir. Azərbaycanda siqaretin müəyyən olunmuş qapalı yerlərdə çəkilməsinə görə cərimələr müəyyən olunub".

T.Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3 %-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib.

"Yeniyetmələrin 28,8 %-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8 %-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər.