Xəbər verdiyimiz kimi yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi vurub. Xəsarət alan N. Məmmədov yanvarın 29-da evində ölüb.

Sözügedən məsələ ilə bağlı Unikal.org-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev açıqlama verib.

O, bildirib ki, avtobusların iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan qəzalar zamanı sürücü məsuliyyətə cəlb edilir:

"Bu hadisəni törədən Məsimov Şahbəddin Məsim oğlu bərəsində də hüquq mühafizə orqanları tərəfindən tədbir görülür. Amma istənilən halda sürücünün səhvi ucbatından yol nəqliyyat hadisəsi baş verirsə, o dərhal işdən azad edilir. Bu sürücü də işdən azad edilib. Bundan başqa həmin marşrut xətti üzrə xidmət göstərən digər sürücülərlə daşıyıcı şirkətin rəhbərliyi toplantı keçirib və gələcəkə bu kimi xoşagləməz halların baş verməməsi üçün proflaktik tədbrilər görülüb. Sürücülərlə bağlı onu deyə bilərəm ki, bu gün marşrut şəbəkəsində sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına ciddi şəkildə ehtiyac var. Vaxtaşırı həm 141 çağrı mərkəzinə, həm də "Facebook" sosial şəbəkəsindəki səhifəmizə sürücülərlə bağlı şikayətlər gəlir. Bu kimi məsələlərin kompleks həlli üçün strateji fəaliyyət planımızda konkret tədbrilər nəzərdə tutulub və il ərzində bu tədbirlər icra olunacaqdır. Buna misal olaraq vahid sürücü bazasının yaradılmasını qeyd edə bilərəm. Bu baza olduqdan sonra sürücülərlə bağlı problemlərin böyük əksəriyyəti öz həllini tapmış olacaq.

Zaurə Əmirova