Xəbər verdildiyi kimi, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Belə ki, bundan sonra məcburi köçkün ailələri kommunal xidmət üçün vəsaitləri özləri ödəyəcəklər. Buna qədər isə məcburi köçkün ailələri üçün nəzərdə tutulan kommunal ödənişlər aidiyyatı qurumlara həyata keçirilirdi. Güzəştli kommunal xidmətdən qənaətlə istifadə edən bəzi ailələr var idi ki, onların hesabında hələ də kifayət qədər vəsait qalıb. Bunun əksinə olaraq, kommunal borcları ödənilməyən köçkün ailələr də mövcuddur.
Köçkünlərin kommunal borcları və istifadə olunmayan vəsaitlərin aqibəti necə olacaq?
Unikal.org-un verdiyi xəbərə görə, Xocalıdan seçilən deputat Elman Məmmədov AzVision.az-a bildirib ki, bu günlərdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə keçirilən iclasda bu məsələlər müzakirə olunub.
Deputatın sözlərinə görə, elə məcburi köçkün ailəsi var ki, kommunal xidmətlərdən qənaətlə istifadə etdiyi üçün hesabına xeyli miqdarda vəsait yığılıb. Onun sözlərinə görə, bunu əksinə olaraq elə məcburi köçkün ailələri də var ki, onların kommunal xidmətərə görə xeyli miqdarda borcu yaranıb: "Biz həmin iclasda məcburi köçkün ailələrinin xeyrinə həll olunacaq təkliflər irəli sürdük. Belə ki, hansı məcburi köçkün ailəsinin hesabında vəsait yığılıb qalıbsa, sayğacların quraşdırılması zamanı həmin vəsait onların kart hesabına köçürülsün. Borcu yaranan məcburi köçkün ailələrinin borcu isə silinsin. Bunu ciddi şəkildə müzakirə etdik və təklifimizin qəbul olunmasını xahiş etdik.
Əli Həsənov bildirdi ki, təkliflərlə bağlı aidiyyatı qurumlar və hökumət qarşısında məsələ qaldıracaq. Çalışılacaq ki, bu məsələlər məcburi köçkünlərin xeyrinə həll olunsun. Hökumətin bu məsələ ilə bağlı qərarı olacaq.