Azərbaycan və Avstriya arasında iqtisadi münasibətlər möhkəm təməl üzərində qurulub.
Unikal.org "APA-Economics" xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində Avstriya prezidenti Haynts Fişer deyib.
Onun sözlərinə görə, Azərbaycandan Avstriyaya ixracın 90%-ni neft təşkil edir: "Bu ona göstərir ki, Azərbaycanın ixracı neftdən asılıdır. Biz başa düşürük ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın diversifikasiyasını və islahatlar həyata keçirməyə çalışır. Bu, çox mürəkkəb və uzun vaxt tələb edən bir prosesdir. Digər region ölkələri də oxşar problemlərlə qarşılaşır. Avstriya iqtisadi diversifikasiya sahəsində Azərbaycana dəstək verməyə hazırdır. Bir çox Avstriya şirkətləri planlaşdırma, arxitektura və tikinti biznesi ilə məşğuldur. Neft və qaz hasilatı sahəsində yüksək keyfiyyətli avadanlıq təchizatçısı kimi Avstriya Azərbaycan texnoloji inkişafa öz köməyini əsirgəməyib. Avstriyadan Azərbaycana ixracda əhəmiyyətli yer tutan əczaçılıqla da bağlı bunu söyləmək mümkündür. Bu baxımdan texnoloji sahədə universitet və akademik əməkdaşlıq faydalı olardı".
Prezident əlavə edib ki, son 10 il ərzində Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi təxminən 10 dəfə artıb. Onun sözlərinə görə, ötən ilin birinci yarısının nəticələrinə görə, Avstriya Azərbaycanın idxal tərəfdaşları arasında 5 mühüm ölkədən biri olub: "2010-cu ildə ikitərəfli ticarət münasibətlərinin inkişafı və genişləndirilməsi üçün Avstriyanın Federal İqtisadiyyat Palatası Bakıda ofis açıb. Ötən il sənayenin müxtəlif sahələrini təmsil edən 30 şirkətin iştirakı ilə iki biznes forum keçirilib. Bundan başqa, Avstriyanın Federal İqtisadiyyat Palatası ayrı-ayrı sahibkarlar və şirkətlərin də Azərbaycanda fəaliyyətini dəstəkləyir".