"Məhkəmələr icraatlarında olan kredit işlərinin içində batır. 2016-cı ilin birinci yarısında 166043 mülki işə baxılıb".
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, bu barədə vəkil Cavad Cavadlı məlumat yayıb.
Vəkilin sözlərinə görə, 2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılıbdırsa, yalnız 2016-cı ilin birinci yarısında bu rəqəm 166043 təşkil edib.
"2015-ci ildə məhkəmələrdə baxılmış işlərdən 171 664 iş kredit münasibətlərindən irəli gələn işlər olubsa və bunlar ümumi işlərin 75, 15 faizin təşkil edibsə, yalnız keçən ilin ilk yarısında bu kateqoriyadan olan işlərin sayı 136 231 olmuş, bu isə həmin dövr üçün işlərin ümumi həcminin 82 faizi edir. Şəxsi müşahidələrimə görə 2016-ci ili tam əhatə edən məlumatlar açıqlandıqdan sonra bu rəqəmlər artan templə davam edəcək.
Cavad Cavadlının fikrincə statistik rəqəmlərlə bəzi nəticələr çıxartmağa imkan verir:
1. Məhkəmələrin icraatlarında olan mülki işlərin 82 faizi kredit münasibətlərindən irəli gələn işlər olduğuna görə hakimlərin digər işlərin normal qaydada araşdırılması fiziki baxımdan mümkün olmur;
2. Məhkəmələrin iş yükü artan templə davam edir və burada hakimlərin sayının artırılmasının mənası yoxdur. Qanunvericilikdə dəyişikliklər olunmalı, bu tipli işlərin sayının azaldılması üçün (misal olaraq qonşu Rusiya Federasiyası nümunəsində) onlar notariat orqanına həvalə edilməlidir. Statistik rəqəmlərə görə onsuzda məhkəmələr kredit münasibətlərindən irəli gələn işlərin əksər hissəsinə sadələşdirilmiş qaydada (tərəfləri dəvət etmədən)-əmr icraatı qaydasında baxırlar. 2016-cı ilin ilk yarısında bu işlərlə bağlı 115415 məhkəmə əmri qəbul edilib və bu həmin işlərin 84 fazini təşkil edir.
3. Beynəlxalq reytinq agentliyi "S&P" (Standard & Poor's) bu yaxınlarda ölkəmizlə bağlı yaydığı hesabatında məlumat vermişdir ki, Mərkəzi Bank problemli kreditlərin həcmini gizlədir və reallıqda onların sayı 9 faizdən xeyli çoxdur. Gətirdiyim statistik rəqəmlər bunu dolayısı ilə təsdiq edir.
4. Bu qədər sayda işlər üzrə qəbul edilmiş işlər son nəticədə icra edilməsi üçün məhkəmə qərarlarını icrasını təmin edən icra qrumlarına təqdim olunur. Nəzərə alsaq ki, icra şöbələrinə icra edilməsinin təmin edilməsi tələb olunan başqa işlərdə verildiyindən normalda heç bir icra qurumunun bu qədər sayda işlərin icrasını təmin edə bilməsi fiziki olaraq mümkün deyil.