17 il əvvəl Türkiyənin Yalova şəhərində Tahir Bağırovun ermənilər tərəfindən qətlə yetirilməsi və qatillərin hələ də tapılmaması ilə bağlı Unikal.org  "Ermənilər Tahir Bağırovu öldürdü- TÜRKİYƏDƏKİ QƏTLİN ŞOK TƏFƏRRÜATI" başlıqlı məqalə yaymışdı. (Buradan izləyin: http://www.unikal.org/w140321.html)

Xəbərdə hadisənin təfərrüatları açıqlanırdı. Bir neçə gün əvvəl mərhum T.Bağırovun oğlu Ramin Bağırov Unikal.org-la əlaqə saxladı və hadisənin detallarını danışdı.

Ramin Bağırovla müsahibəni təqdim edirik.

-Ramin bəy, ilk olaraq atanızın Türkiyəyə hansı səbəbdən getməsi və hadisənin necə baş verdiyi barədə danışmağınızı istərdik...

-Rəhmətlik atam Tahir Bağırov Türkiyəyə işləmək üçün getmişdi. Yalova şəhərindəki "Altın Mərmər daş fabrikində işləyirdi. Hər şey normal idi. Türkiyədə bizim uzaq qohumlar yaşayırdı. Onlarla əlaqələri var idi. 2000-ci ilin iyul ayının 20-ə qədər telefonla danışmışıq. Atam axırıncı zəngində onunla işləyən ermənilərdən ehtiyat etdiyini dedi. Bildirdi ki, onu izləyirlər və hər şey ola bilər. Onda 20 yaşım var idi. Hərbi xidmətdən təzə qayıtmışdım və atamın yanına işləməyə getmək istəyirdim. O, mənə yanına getməməyimi və orada vəziyyətin təhlükəli olduğunu bildirdi. Bu fikrimdən məni daşındırdı. Bir yerdə işlədiyi ermənilərin pasportlarında adlarının türk olduğunu qeyd etdi. Həmin ermənilərlə milli zəmində söhbətləri olduğunu və onlardan ehtiyyat etdiyini danışırdı. Çox adam həmin şəxslərin erməni olmasını bilməyib. Çünki türk adları ilə passsport alıblar.



-Bəs, atanız onların erməni olduğunu haradan bilib?

-Atam uzun müddət Rusiyada olub. Ona görə erməniləri tanıyır. Bunlar özləri erməni olduqlarını etiraf ediblər. Atamın bizimlə sonuncu telefon danışığı avqust ayının 15-də olub. Bundan sonra zənglər dayandı. Mən dərhal Türkiyəyə getdim.

-Hadisə necə törədilib?

- 4 erməni atamı şlank vasitəsi ilə arxadan boğub, başına daşla vuraraq öldürüblər. Cəsəd tapılmasın deyə mərmər fabrikinin həyətindəki daşların altına atıblar. Üstündəki pulunu, pasportunu götürüblər. Cəsəd avqust ayının sonlarında tapılıb. Fabrikdə işləyənlərin ifadəsinə görə cəsədi taktorla qazıntı işləri apararkən aşkarlayıblar. Meyit tanınmaz halda olub. Kimliyini belə təyin edə bilməyiblər. Mənim qan nümunələrimlə ekspertiza keçirildi və şəxsiyyəti müəyyən olundu. Heç bir sənəd olmadığına görə kimliyini ortaya çıxara bilmirdilər. Ermənilərlə aralarındakı münaqişə milli zəmində olub. Polis mənə bildirdi ki, cinayət əvvəlcədən planlaşdırılıbmış. Polisin dedikləri həqiqətə uyğundur. Çünki atam bizimlə telefon danışığında təhlükə hiss etdiyini, izlənildiyini deyirdi. Yalova kiçik şəhər olduğu üçün bütün səlahiyyətli orqanlar Bursada yerləşir. Bursa şəhər Baş Polis İdarəsinin rəisinin qəbulunda oldum. O, şərəfinə and içdi ki, atamın qatilləri tapılacaq. Polisin dediyinə görə, hadisəni törədənlər 4 nəfər olublar. Şəxsiyyətləri də müəyyənləşib. Biri atamın kimliyi ilə Türkiyədən qaçıb. Digəri isə Türkiyəni başqa formada tərk edib və Ermənistanın Kiravakan qəsəbəsinə qaçıb. Cinayətin digər iki iştirakçısı isə Türkiyə daxilində qalıb. Məndə olan məlumata görə, o vaxtdan bu günə qədər barələrində axtarış olmasına baxmayaraq tapılmırlar. Atamın 40 mərasimi ərəfəsində bizə zəng olundu. Açığı, maddi imkanımız olmadığı üçün heç nə edə bilmədik. "Altın Mərmər daş fabrikinin müdiri bizə çox cüzi miqdarda təzminat ödədi. Buna təzminat demək olmaz. Sadəcə yas məclisini yola verdik. Keçirilən məhkəmə proseslərinin heç birində iştirak etməmişik və bundan xəbərsiz olmuşuq. Sizin yazdığınız xəbərdən sonra bilmişəm ki, 50-dən çox məhkəmə prosesi keçirilib. O vaxtdan polisdə yazdığımız ünvanda yaşayırıq, telefon nömrələrimiz də dəyişməyib. Maraqlıdır ki, nə üçün bizimlə əlaqə saxlanılmayıb. Hətta, polis qatillərdən birinin övladını tapmışdı. Onun vasitəsi ilə qatilin tutulması istiqamətində əməliyyat qurulmalı idi. Nəticəsindən xəbərsizəm.

-Həmin ərəfədə Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyinə müraciət etdinizmi? Sizə hər hansı bir dəstək oldumu?



-Bəli. O vaxt cənazənin tez bir zamanda Azərbaycana gətirilməsində dəstək oldular. Bizə komklik edən səfirliyin Vüar adlı şəxsi idi. O, bizi qarşıladı və köməklik göstərdi. Ancaq mən Türkiyə dövlətindən incidim. Qatillərin tapılması istiqamətində kifayət qədər iş görülmədi.

-Bu gün də qohumlarınız Türkiyədə yaşayırlarmı?

-Xeyr. Onlar hadisədən 7-8 ay sonra Türkiyəni tərk ediblər və xaricdə yaşayırlar.

-Atanızın peşəsi nə idi?



-Atam usta olub.

-Hadisə zamanı ananız sizinlə Türkiyəyə gedibmi?

- Anam mənimlə Türkiyəyə getməyib. Son 4 saata qədər onun heç nədən xəbəri olmayıb. Proseslərin içində olan adam mənəm. Təyyarə bakıya cənazə ilə düşəndə anam hadisədən xəbərdar olub. Məsələnin ictimailəşdirilməsi mənə mənəvi dəstək oldu. Yaxın zamanda Türkiyəyə getməliyəm. Məhkəməyə və prokurorluğa gedib proseslərin gedişatı barədə məlumat almağa çalışacağam. Övlad olaraq ömrümün sonuna qədər qatillərin tapılıb cəzalandırılması ilə bağlı vuruşmaq mənim mənəvi borcumdur.

Elvin Rüstəmov