"Neftçi futbol klubunun keçmiş oyunçusu, hazırda "Səbail klubunda forma geyinən 1991-ci il təvəllüdlü Elton Yaqublu yanvarın 29-da Əhmədli qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Buna görə də, futbolçunun idarə etdiyi avtomobil polis tərəfindən saxlanılıb. 

Unikal.org xəbər verir ki, bu zaman Elton Yaqublu özünü "Neftçi futbol klubunun oyunçusu kimi təqdim edib. Hadisənın şahidi futbolçunun DYP əməkdaşına etiraz etdiyini müşahidə edib. Bir neçə dəqiqədən sonra isə həmin futbolçu ona protokol yazan DYP əməkdaşını təhqir edib.

"Neftçinin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov qış mövsümündən etibarən Elton Yaqublu ilə çalışmadıqlarını bildirib. O, öz növbəsində futbolçunun yeni yaradılan "Səbail futbol klubuna transfer olduğunu açıqlayıb. Futbolçu Elton Yaqublu Modern.az-a açıqlamasında polis tərəfindən saxlanıldığı faktını təsdiq edib: "Bəli, qayda pozuntusuna yol vermişəm və yol polisi məni saxlayıb. Doğrudur ki, qayda pozuntusu ilə razılaşmamışam. Amma mən heç bir halda polisi təhqir etməmişəm. Qayda pozuntusu ilə bağlı protokol tərtib olunub və buna uyğun da cəriməmi ödəyəcəm. Polislə mənim aramda hər hansı insident yaşanmayıb.