Rusiya Donbasda hücuma hazırlaşır.

Unikal.org xəbər verir ki, bu haqda "RBK-Ukrayna agentliyinə Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsindəki mənbə bildirdi.

Kəşfiyyatçıların məlumatına görə, Rusiyanın hücuma hazırlaşdığını Donbasda işğal altında olan ərazilərdəki hərbi birliklərin strukturundakı dəyişikliklər də göstərir. Xüsusi halda, motoatıcı briqadaların sayı 3-dən 2-yə qədər ixtisar edilib və tank briqadalarının sayı 1-dən 2-yə qədər artırılıb.

Bundan başqa, Ukrayna sərhədlərində Rusiya ordusunun son təlimləri də, Ukrayna kəşfiyyatının fikrincə, hücuma hazırlığın əlamətləridir.

Agentliyin yazdığına görə, işğal edilmiş ərazidə döyüşçülər və Rusiya hərbiçilərinin ümumi sayı 32 min nəfər təşkil edir. Onlardan 40 faizi müxtəlif ölkələrdən, həmçinin Rusiyadan olan muzdlular, 30 faizi yerli separatçılar, qalan 30 faizi isə Rusiyanın nizami qoşununun hərbiçiləridir.

Daha əvvəl Ukraynanın BMT-dəki nümayəndəsi Vladimir Yelçenko bildirib ki, döyüşçülər Ukraynaya qarşı təxribatlara başlamaq üçün Donbas sakinlərini təxliyəyə hazırlayırlar. Onun sözlərinə görə, belə vəziyyət 2008-ci ildə Rusiya Gürcüstana hücumundan əvvəl yaranmışdı.

Ötən həftə isə Ukraynanın xarici işlər naziri Pavel Klimkin "5-ci kanalın efirində deyib ki, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yerləşdirməklə açıq şəkildə genişmiqyaslı müdaxiləyə hazırlaşdığını göstərir.

Anti-terror məsələləri üzrə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevin iddiasını daha da dəqiqləşdirib. O brifinqdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır.