Ərzaq məhsullarının qiymətini optimallaşdırılması üçün bir sıra inkişaf etmiş ölkələrdə o cümlədən ABŞ-da olduğu kimi rayonlarda differensial vergi dərəcələrinin tətbiqinə ehtiyac var.
Bu haqda Uunikal.org-a "İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri Azər Sərdarov açıqlama verib.
Bildirib ki, ABŞ-da ştatların alıcılıq qabiliyyətindən asılı olaraq fərqli satış vergi dərəcələri tətbiq edilir. Ekspertin sözlərinə görə, bu təcrübənin Azərbaycanda tətbiq edilməsi rayonlarda idxal edilən ərzaq məhsullarının qiymətlərinin optimallaşmasına imkan yarada bilər.
Azər Sərdarovun fikrincə, iqtisadi rayonlarının iqtisadi göstəricilərinə uyğun olaraq fərqli ƏDV dərəcələri tətbiq edilə bilər. Məsələn, Abşeron iqtisadi rayonunda alıclıq qabiliyyəti müqayisəli şəkildə yüksək olduğu üçün bu iqtisadi rayonda 18 faizlik ƏDV dərəcəsini saxlamaq olar. Amma məsələn, Aran iqtisadi rayonunda alıcılıq qabiliyyəti nisbətən aşağı olduğu üçün bu rayon üçün 10 faizlik ƏDV tətbiq edilməsi məqsədəuyğundur. Bu imkan verəcək ki, həmin iqtisadi rayonlarda ərzaq məhsullarının xərci azalsın və nəticədə bu rayonlarda ərzaq məhsullarının qiymətlərinin azalmasına gətirib çıxaracaq. Bu zaman istehlakçılar daha aşağl qiymətə ərzaq məhsulları ala biləcəklər.