Jurnalistika təhlükəli peşələrdən sayılır. Qaynar nöqtələrdə, müharibə zonalarında çalışan jurnalistlərin həyatına təhlükə daha çoxdur. Bəs bu insanların təhlükəsizliyi necə qorunur? Cəbhə bölgəsinə və qaynar nöqtələrə ezam olunan müxbirlər necə sığortalanmalıdırlar? Bu məsələdə redaksiyaların üzərinə hansı məsuliyyət düşür?

Mövzu ilə bağlı kiçik araşdırma apardıq.

Müşfiq Ələsgərli - ABŞ-da Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məsələ barədə Unikal.org-a deyib ki, döyüş bölgələrinə, münaqişələrin baş verdiyi ərazilərə gedən jurnalsitlərin həyatının sığortalanması ilə yanaşı digər mühüm addımlar da atılmalıdır: "Beynəlxalq təcrübəyə əsasən ekstremal şəraitdə işləyən jurnalistlərin təhlükəsiz davranmaları üçün onlara təlimlərin keçrilməsi zəruridir. Bu təlimlər jurnalistin öz istəyi ilə yanaşı redaksiyanın da marağında olmalıdır. Təlimlərdə jurnalist gedəcəyi bölgədə necə davranması barədə təlimatlandırılır. Müstəqil fəaliyyət göstərən araşdırmaçı jurnalistlər bu təlimlərdə iştirak edərkən xərci özləri çəkir. Redaksiya əməkdaşlarının təlim xərclərini isə redaksiya qarşılayır. Əgər jurnalist döyüş bölgəsinə gedirsə, mütləq şəkildə qoruyucu geyimlə təmin edilməlidir. Bu kifayət qədər bahalı materialdır. Bizdə adətən yanlışlığa yol verilir. Cəbhə bölgəsinə gedən jurnalistlər hərbi forma geyinirlər. Bu tamamilə yanlışdır. Jurnalistin hərbi forma geyinməsi qadağandır. Çünki O, hərbi geyimdə əsir düşərsə, girov götürülərsə, başqa cür davranılır. Jurnalistə hərbi forma geyinmək, silah gəzdirmək olmaz. Buna görə də redaksiya jurnalisti tapşırıqla hansısa qayanar zoaya göndərirsə, onun həm sığortasını, həm qoruyucu geyimini və təlim keçməsini təmin etməlidir.




Image result for ibrahim rüstəmliEhtiyatda olan polkovnik-leytenant, əməkdar hərbi jurnalist İbrahim Rüstəmli də cəbhə bölgəsində ekstremal şəraitdə peşə fəaliyyətilə məşğul olan və bu zaman çalışdığı redaksiyanın tapşırığını yerinə yetirən jurnalistin sığorta olunmasının son dərəcə vacib olduğunu vurğulayıb. O, Unikal.org-a bildirib ki, jurnalistin sığortalanması işlədiyi redaksiyanın birbaşa məsuliyyətidir: " Çünki cəbhə bölgəsində xidməti vəzifələrini yerinə yetirən jurnalist orada istənilən vaxt ölüm təhlükəsilə üz-üzə gələ bilər. Təcrübədə belə hallarla bağlı kifayət qədər kədərli nümunələr var. Çingiz Mustafayev, Salatın Əsgərova kimi peşəkar jurnalistlər məhz bu cür şəraitdə şəhid olublar. Yəni, ekstremal şəraitdə, cəbhə bölgəsində öz vəzifəsini yerinə yetirmək, əslində, döyüş tapşırığını yerinə yetirmək sayılır. Döyüş tapşırığını yerinə yetirən zaman həlak olmaq isə şəhid olmaq deməkdir. Bu həmin jurnalistin ailəsinə bir sıra imtiyazlar verir. Ancaq bu zaman onun adına ezamiyyət vərəqəsinin yazılması da həlledici məqamlardandır. Yalnız bu halda jurnalist şəhid sayıla, eyni zamanda sığorta haqqına iddia edə bilər. Təəssüf ki, Azərbaycanda sığorta məsələlərinə barmaqarası yanaşılır. Sığorta şirkətləri ödəniş məsuliyyətindən yayınmaq üçün min cür hoqqalardan çıxır. Bununla belə, öz haqqı və hüququnu bilən jurnalistlər cəbhə bölgəsinə ezam olunarkən sığorta şərtlərinin yerinə yetirilməsini tələb edə bilərlər. Bu, onların qanunla nizamlanan hüququdur.


Image result for ələsgər məmmədliMedia eksperti, hüquqşünas Ələsgər Məmmədli Unikal.org-a açıqlamasında bildirib ki, istənilən xoşagəlməz hadisənin baş verməsi qaçılmaz olduğundan jurnalistin redaksiyalar tərəfindən sığortalanması yaxşı olardı:"Xüsusi olaraq cəbhə bölgəsinə ezam olunan jurnalistlər yaxşı olar ki, redaksiyalar tərəfindən sığortalansın. İstənilən xoşagəlməz hadisənin baş verməsi qaçılmazdır. Sonradan onun ailəsinin müxtəlif formada təminatının həyata keçirilməsi üçün sığorta vacibdir. Redaksiyalar müyyən məbləğdən keçərək bu sığortanı etməlidirlər. Əlbəttə, heç kim istəməz ki, jurnalist xoşagəlməz hadisə ilə üzləşsin. Ancaq bu kimi halların şahidi omuşuq. Bu yaxın tariximizdə də var. Ekstremal situasiya ilə üz-üzə qalan, cəbhə bölgəsində yaralanaraq əmək qabiliyyətini, həyatını itirən jurnalistlər olub. Bu baxımdan sığorta mütləqdir.


Image result for səxavət məmmədÖlkə.az saytının əməkdaşı, hərbi mövzuda yazan jurnalist, Səxavət Məmməd Unikal.org-a məsələ ilə bağlı münasibətini açıqlayıb. O, aprel döyüşləri zamanı qarşılaşdığı təhlükəyə diqqət çəkib: "Oxucular elə bilir ki, biz cəbhə xəttinə gedəndə uzaqdan iş görürük, bu tamamilə yalnış düşüncədir. Sonuncu aprel hadisələri zamanı mərmi altında işləyirdik. Əslində redaksiya cəbhə bölgəsinə və qaynar zonalara ezam etdiyi jurnalistlərin həyatını sığortalamalıdır. Ancaq məsələyə Azərbaycan reallığı ilə yanaşılır. "Özünü qoru", "çox təhlükəli yerlərə getmə", deyərək təhlükədən sığortalanırıq.
Dəfələrlə cəbhə bölgəsində olmuşam, düşmənlə ən yaxın məsafəli postlara getmişəm. Təbii ki, təhlükələrlə qarşılaşmışam. Aprel hadisələri zamanı Tərtər rayonunun Səhliabad kəndində reportajda olarkən bir neçə yüz metrliyimizə top, minaatan mərmiləri düşüb. Yenə aprel hadisələri zamanı Ağdam rayonunun Çəmənli kəndində olarkən olduğum evin həyətinə top mərmisi düşdü, açıq yerdə olsaydım, yəqin ki, ya ölərdim, ya da ağır yaralanardım. Aprel hadisələrindən sonra da cəbhə bölgəsinə ezam edilmişdim, hərəkət etdiyimiz maşına iki düşmən gülləsi dəydi, ancaq xoşbəxtlikdən heç bir xəsarət alan olmadı.
Fikirimcə, sığorta mütləqdir. Açığı cəbhə bölgəsinə ezam ediləndə sığortanı düşünmürəm. Belə desək könüllü olaraq gedirəm. Aprel hadisələri olanda redaksiyadan xəbərsiz səhər tezdən yola düşdüm, yolda zəng edib redaksiyaya bildirdim ki, Ağdamdayam".

Həsən Babayev