Azərbaycanda ABŞ dolların ucuzlaşması prosesi 1,65-1,70 AZN/USD səviyyəsinə qədər davam edəcəyi gözlənilir. Bundan sonra isə məzənnənin təxminən bir il ərzində həmin səviyyədə qalacağı proqnozlaşdırılır.

Unikal.org "Report"un analitik qrupuna istinadən xəbər verir ki, hazırda dünya bazarında Azərbaycan neftinin 60 dollar/barelə yaxın qiymətə satılması və büdcə xərclərinin kəskin azaldılması bunu deməyə əsas verir: "Neftin dünya bazarında qiyməti də yaxın bir ildə 45 dollar/bareldən yuxarı olacaq. Bəzi hallarda isə qiymət 65 dollar/barelə qədər yüksəlməsi mümkündür. Bu da Azərbaycana əlavə gəlirlər gətirərək bank sistemində yaranan borcların, xüsusilə Azərbaycan Beynəlxalq Bankının xarici borclarını ödəyərək onun sağlamlaşdırılmasına əlverişli şərait yaradacaq". Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun açıqlamasına görə, neftin barelinin qiymətinin 10 dollar artması Azərbaycana əlavə 1,7 mlrd. dollar vəsait qazandırır.

Bununla yanaşı, 2017-ci ildə büdcə siyasətinin sərtləşdirilməsi, fiskal xərclərin azaldılması alıcılıq qabiliyyətini zəiflədərək dollara tələbi aşağı salmağa davam edəcək. İdxal mallarına tələbatın azalması dolların məzənnəsinin yüksəlməsinin qarşısını alacaq. Yay aylarında Bakıda keçirilməsi gözlənilən iki mötəbər beynəlxalq idman yarışı zamanı ölkəyə turist axını isə öz növbəsində Azərbaycana xarici valyuta axınını sürətləndirəcək.

Analitik qrup bildirir ki, daha əvvəl, 2015-ci ildə neftin qiyməti 60 dollar/barelə qədər gerilədiyi zaman Azərbaycanda dolların məzənnəsinin 1,20 AZN/USD səviyyəsinə qədər artacağı ehtimal edilirdi: "Halbuki, o zaman devalvasiya nəticəsində məzənnə 1,05 AZN/USD səviyyəsinə çatdırılıb. Hazırda isə neft yenidən 60 dollar/barelə yaxın səviyyədə qərarlaşıb, lakin məzənnə 1,80 AZN/USD səviyyəsindədir. Bu da məzənnənin tezliklə 1,65 AZN/USD-yə qədər geriləqəcəyini deməyə əsas verir".
Qeyd edək ki, hazırda Azərbaycanın tədiyyə balansı da iki rübdə cüzi də olsa profisitlə tamamlanır. Yəni, Azərbaycanda dolların məzənnəsinin artmasına cari şəraitdə heç bir əsas yoxdur. Lakin, "Report"un analitik qrupu 2018-ci ildə neftin qiymətinin yenidən 25-30 dollar/barel səviyyəsinə kimi geriləməsini, dolların məzənnəsinin isə 3,00 AZN/USD-yə doğru hərəkət etməsini mümkün sayır.