Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə
Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov nazirlik tərəfindən təqsirləndirilən şəxslərə qarşı verilən mülki iddiadan imtina etdiyini bildirib. Onun sözlərinə görə, təqsirləndirilən Emin Məmmədovun rəhbəri olduğu "Rabitə Mülki Tikinti MMC və təqsirləndirilən Bayram Vəliyevin rəhbəri olduğu "Təmir Təchizat Servis"in vergi ilə bağlı borcları yoxdur.

Sonra rrosesdə şahidlər ifadə verib. Həsən Orucov bildirib ki, 2004-cü ildən Ağstafa filialında rəis işləyib. O istintaqa verdiyi ifadəsini təsdiq edib.

Vaqif Hacıyev isə deyib ki, tikinti şirkətinin rəhbəri olub. Onun sözlərinə görə, tenderlərdə qalib gəldikdən sonra ayrılan vəsaiti təqsirləndirilən Oktay Rüstəmova verib.

O. Rüstəmov isə ondan rul almadığını deyib:"İndi şahid burada deyir. Mən ad çəkmək istəmirəm. Bu şahidlə 2007-ci ildən tanıyıram. Pulu kimə verib. Qoy desin".
Təqsirləndirilən Vidadi Zeynalov isə deyib ki, şahid Vaqif Hacıyev nazirin göstərişi ilə tenderlerdə iştirak edib.
Sonra hakim bildirib ki, bir neçə şahidlə bağlı məhkəməyə ərizə daxil olub. Həmin ərizədən məlum olub ki, şahidlərdən biri ölkədən qaçıb, buna səbəb həyat yoldaşı ilə boşanması və aliment ödəməməsidir. Digər şahidlərdən biri vəfat edib, bir neçəsi isə xəstələnib və bu səbəbdən rrosesə gələ bilmirlər.
Vidadi Zeynalov deyib ki, rrosesdə daha ciddi məsələləri araşdırmaq lazımdır:"İttiham aktında çox qüsurlar var, həmin qüsurlu məsələləri araşdırmaq lazımdır".

Hakim isə Vidadi Zeynalova ifadə verməyi təklif edib.

Vidadi Zeynalov deyib ki, işdə olan maliyyə məsələləri araşdırılandan sonra ifadə verəcək.

Hakim bildirib ki, V. Zeynalov məhkəmədə ifadə verməkdən imtina etsə, onun ifadəsi elan oluna bilər.
Sonra Beytulla Hüseynova yeni vəkil təyin olunması elan olunub. B. Hüseynov vəkilinin suallarını cavablandıraraq, bildirib ki, işlərin görülməsi üçün nazirin razılığı olub.

Digər təqsirləndirilən Bayram Vəliyev bildirib ki, tenderlərdə iştirak etmək üçün rəsmi icazəsi olub. O qeyd edib ki, nəzərdə tutulan işlərin hamısı görülüb.

Beytulla Hüseynovun vəkili təqsirləndirilən Bayram Vəliyevə görülən işlərdə qiymətlərin şişirdilməsi ilə bağlı suallar verib. Bayram Vəliyev qiymətlərin şişirdilməsi ilə bağlı sualları cavablandırmaqdan imtina edib.

Sonra şahid qismində Nürəddin Kərimov ifadə verərək deyib ki, Samux telefon qovşağının rəisi vəzifəsində çalışır. O ibtidai istintaqa ifadəsini təsdiq edib.

Proses fevralın 15-də davam etdiriləcək.