"Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi üçün kreditlərin verilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər".

Unikal.org-un məlumatına görə, "Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ""Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı mövzusunda keçirilən tədbirdə deyib.

R.Mahmudun sözlərinə görə, rayonlardan gələn tələbələrlə ünsiyyət zamanı məlum olur ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur: "Bu məsələyə baxılacaq. Yaxın gələcəkdə onlara hansısa tədqiqat, araşdırma işlərində də kömək edilə bilər".

R.Mahmud qeyd edib ki, kreditin verilməsi üçün fond tərəfindən iki pilləli seçim meyarları müəyyənləşdirilib: "Ümumi tələblər və hər bir sessiya üçün xüsusi tələblər müəyyən olunur. Kredit alan tələbə Azərbaycan vətəndaşı, tərəfdaş universitetlərin tələbələri olmalı, akademik borcu olmamalıdır. Fond öz maliyyə risqlərini də qiymətləndirir. Buna görə də meyarlardan biri də valideynin və tələbənin hansısa bankda defolt vəziyyətinin olmamasıdır. Bu, önəmli bir faktordur. İndi təqdim olunan kreditlər üçün tələblərdən biri odur ki, valideynin illik gəliri 10 min manatdan çox olmamalıdır".