Azərbaycana işləmək üçün gələn əcnəbilərin sayında 2016-cı ildə bütün əsas ölkələr üzrə artım baş versə də, ən kəskin dinamika Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, daha dəqiq desək Özbəkistan, Banqladeş və Türkmənistan üzrə qeydə alınıb.
Bu barədə Unikal.org Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Bu ilin əvvəlinə olan məlumata görə, Fondun fərdi uçot sistemində 33 940 əncəbi vətəndaş dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin əvvəli ilə müqayisədə 21,79% çoxdur.
Son bir ildə Azərbaycanda işləmək üçün icazə almış Özbəkistan vətəndaşlarının sayı 6,42 dəfə, Banqladeş vətəndaşlarının sayı 99,1%, Türkmənistan vətəndaşlarının sayı isə 54,93% artıb.
Ən aşağı dinamika isə Almaniya (6,64%), İran (7,77%), Çin (8,29%) və Gürcüstan (8,85%) vətəndaşlarının sayında qeydə alınıb. Göründüyü kimi il ərzində bu ölkələrdən Azərbaycana işləmək üçün gələnlərin sayı heç 10% artmayıb.
Əvvəlki kimi Azərbaycanda uçota durmuş əncəbi işçilərin sayına görə ilk üçlükdə Türkiyə, Gürcüstan və Rusiyadan olan miqranlar qərarlaşıb. Bu ilin əvvəlinə adı çəkilən həmsərhəd ölkələrdən gələnlərin ümumi sayı 20 935 olub ki, bu da bütün əcnəbilərin 61,68%-ni təşkil edir. Ötən ilin əvvəlində bu rəqəm 18 507 və yaxud bütün əcnəbilərin 66,41%-i qədər olub.