Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi 1099 nəfər əlilliyi olan şəxsi (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 170 nəfər vətəndaşı) ümumilikdə 2 752 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, əlilliyi olan şəxslərə 94 ədəd aşağı və yuxarı ətraf protezi, 147 ədəd yuxarı və aşağı ətraf ortezi, 63 ədəd bel və boyun nahiyəsi üçün korset, 1 166 ədəd müxtəlif reabilitasiya vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 287 cüt protez ayaqqabı, 59 ədəd dördayaqlı dayaq vasitəsi, 99 cüt qoltuqaltı və 153 cüt dirsəkaltı ağacla, 359 ədəd əsa, 5 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər. 2 nəfər əlilliyi olan şəxs isə əlil arabası ilə təmin olunub. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 52 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.
Protezləşməyə hazırlanma, protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin reabilitasiyası, anadangəlmə bəzi qüsur və deformasiyaların, serebral iflicin fəsadlarının aradan qaldırılması və s. məqsədilə stasionar şəraitdə bərpa xidmətləri də göstərilir.
Yanvar ayında Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 78 nəfər əlilliyi olan şəxs qeyd olunan xidmətlərlə təmin edilib.