İqtisadiyyat naziri Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycanla Belarus arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, dövlət başçılarımızın səmimi dostluq münasibəti Azərbaycan-Belarus əlaqələrinin inkişafında xüsusi önəm kəsb edir və əməkdaşlığımızı strateji səviyyəyə yüksəldib. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq, barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi ölkələrimiz strateji əməkdaşlığının daha bir əyani göstəricisidir.

Azərbaycan-Belarus iqtisadi əlaqələrindən danışan nazir Ş.Mustafayev qeyd edib ki, indiyədək ölkələrimiz arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, 100-dən çox sənəd imzalanıb. Belarusda 69, Azərbaycan şirkəti, Azərbaycanda isə 31 Belarus şirkəti fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 33% artıb. Gəncə Avtomobil Zavodunda Minsk Traktor və Avtomobil zavodları ilə birgə istehsal təşkil edilib və 2007-2016-cı illərdə 10 mindən çox traktor, avtomobil, qoşqular və digər avadanlıqlar istehsal edilib. Bundan başqa, tütün və pambıq ixracının artırılması barədə Azərbaycan və Belarus şirkətləri arasında 2 müqavilə, bir sıra digər sahələr üzrə niyyət memarandumları imzalanıb.

Qeyd edilənlərlə yanaşı, iqtisadi əlaqələrin inkişafı üçün böyük imkanlar var. Qarşılıqlı ticarət əməkdaşlığının genişləndirilməsi, Azərbaycan məhsullarının Belarusa ixracının artırılması məqsədilə Belarusda "Azərbaycan Ticarət Evinin təşkilinə başlanıb.

Görüşdə Belarusa ixrac missiyasının təşkili, Azərbaycan mallarının, o cümlədən xüsusilə şərabçılıq məhsullarının ixracının genişləndirilmısi, birgə müəssisələrin yaradılması, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.