Azərbaycan Dövlət Neft Fondu 2016-cı il üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb.

Fonddan Unikal.org-a verilən məlumata görə, ötən il ARDNF-in büdcə gəlirləri 9 mlrd. 410,2 mln. manat, büdcə xərcləri isə 9 mlrd. 22,1 mln. manat təşkil edib.

2016-cı il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 341,4 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 320 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 18 mln. manat və akrhesabı ödənişlər 3,3 mln. manat təşkil edib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 068,8 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 5 705,7 mln. manat təşkil edib.

2016-cı il ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 615,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 mln. manat vəsait ayrılıb. 31,6 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. "Cənub Qaz Dəhlizi layihəsi üzrə 797,4 mln. manat, "STAR neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 331,8 mln. manat vəsait ayrılıb. 2016-cı il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 20,1 mln. manat təşkil edib.

2017-ci il yanvarın 1-ə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 mln. ABŞ dolları) nisbətən 1,27% azalaraq 33 147 mln. ABŞ dollarına bərabər olub. Gəlirlərin xərcləri üstələməsinə baxmayaraq Fondun aktivlərinin azalmasının səbəbi avro, İngilis funt sterlinqi, Türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.