Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarov çıxış edib. O, çıxışında xəstə olduğunu, vəziyyətinin pis olduğunu deyib: "MTN işi"də həbs edilən, hazırda istintaqı davam etdirilən nazirliyin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi Mirəziz Əsgərov insult və ağır ürək çatışmazlığından əziyyət çəkdiyi üçün dünən müalicə müəssiəsinə aparıldı. Mirəziz dəfələrlə müayinə və müalicə tələb etdiyi halda ona heç bir ixtisaslı həkim-koordioloq tərəfindən yardım göstərilmədiyini söylədi. Həmçinin mən də eyni vəziyyətdəyəm. Çox əziyyət çəkirəm. İlqar Əliyev belə getdi, indi də Mirəziz. Yəqin bu dəfə növbə məndədir".
Prosesdə təqsirləndirilən şəxslərdən Səlim Məmmədovun vəkili Cavid Rzazadənin məhkəməyə gəlmədiyi bildirilib. İclas buna görə, fevralın 20-nə təxirə salınıb.