NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.
Unikal.org-un "112.ua saytına istinadən verdiyi xəbərə görə, Y. Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
"NATO Gürcüstanın ərazi bütövlüyü və təhlükəsizliyinə sıx bağlıdır. Biz Rusiyanın Gürcüstanın regionları - Abxaziya və Cənubi Osetiya ilə əlaqələrini dərinləşdirməsindən narahatlıq keçiririk. Biz Rusiyanı bu regionları tanımaq qərarından imtina etməyə və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırırıq, - deyə baş katib vurğulayıb.
Y. Stoltenberq NATO-nun Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini və bu ölkəyə NATO-ya üzvlük yolunda irəliləməsi üçün müvafiq praktik vasitələr təqdim edəcəyini söyləyib.
Xatırladaq ki, 2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra Rusiya bu bölgəni və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.