Rusiyadan Azərbaycana qanunsuz yolla külli miqdarda vəsaitin keçirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Unikal.org-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, 5 yanvar 2017-ci il tarixdə saat 12:30-da Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda Rusiya Federasiyasından Azərbaycana gələn Alışov Cabir Sənham oğlunun idarə etdiyi "VAZ 217050" markalı, H798XE05 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı arxa oturacağın üzərində olan gödəkçənin və idman gödəkçəsinin ciblərində gömrük orqanına bəyan etmədiyi külli miqdarda - 88000 ABŞ dolları aşkar edilib götürülüb. Faktla bağlı 23 yanvar 2017-ci il tarixdə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində CM-nin 206.1-ci maddəsi ilə 172970024 nömrəli cinayət işi başlanılıb.

Cinayət işi üzrə C.Alışov və baxış keçirilməsində iştirak etmiş gömrük əməkdaşları dindirilib, həmçinin digər şahidlərin dairəsi müəyyən edilərək ifadələri alınıb. C.Alışovla gömrük əməkdaşlarının ifadələri arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün üzləşdirilmələr həyata keçirilib. Cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası təyin edilərək icra edilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilib. C.Alışovdan götürülmüş 88000 ABŞ dolları istintaq orqanı tərəfindən maddi sübut kimi tanınıb və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanması üçün Dövlət Gömrük Komitəsinin Xəzinəsinə təhvil verilib.

C.Alışovun idarə etdiyi "VAZ 217050" markalı, H798XE05 dövlət nömrə nişanlı minik avtomobili ilə 05 yanvar 2017-ci ildə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postundan keçməklə Rusiya Federasiyasından Azərbaycana gəlməsi ilə əlaqədar qeydə alınmış video görüntülər istintaq orqanı tərəfindən götürülərək cinayət işinə əlavə edilmiş və baxış keçirilib. Cinayət işi üzrə C.Alışovun üzərində olan 88000 ABŞ dollarını Rusiya Federasiyasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirib-keçirməməsinin müəyyənləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinin Xarici Əlaqələr İdarəsi Baş Prokurorluq vasitəsilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müvafiq sorğular verilib.

Cinayət işi üzrə C.Alışovn şəxsiyyətinin barəsində məlumatların əldə edilməsi üçün səlahiyyətli orqanlara sorğular göndərilib, həmçinin iş üzrə əhəmiyyət kəsb edə biləcək xüsusatların müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilib, verilmiş sorğulardan bəzilərinə cavablar alınaraq cinayət işinin materiallarına əlavə edilib. Cinayət işi üzrə C.Alişovun, Alışov Sabir Sənham oğlunun və Alışova Sara İbadulla qızının müxtəlif dövlət orqanlarına ünvanladıqları şikayət ərizələri cinayət işinə əlavə edilmiş və ərizədə göstərilən xüsusatlar istintaq orqanı tərəfindən araşdırılır.

Cinayətin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri istintaq tədbirləri davam etdirilir.