Ötən axşam saat 19 radələrində Sabunçu rayonu Bilgəh-Maştağa yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org salamnews-a istinadən bildirir ki, 32 yaşlı Abdullayev Ramin Tofiq oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın yol sürüşkən olduğundan idarəetmədən çıxaraq qarşı tərəfdə hərəkət edən Sabunçu Rayon Polis İdarəsi 42-ci polis bölməsinə məxsus "Fiat Doblo" markalı avtomaşına çırpılıb.
Qəza nəticəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü və "Fiat Doblo" markalı avtomaşında olan iki nəfər polis əməkdaşı - 27 yaşlı Qəzənfərli Azad Ələsgər oğlu və 36 yaşlı Hüseynzadə Təbriz Məhiyəddin oğlu - müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanada hər üç yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırmalara başlanılıb. İşi araşdıran təhqiqatçı Fikrət Məmmədov faktı salamnews-a təsdiq edərək bildirib ki, qəza şəraitini "VAZ-2107" markalı avtomaşın yaradıb. Hər üç şəxsin izahatı alınıb və qəza nəticəsində əzilən avtomobillər cərimə meydançasına yerləşdirilib.
Dünən Sabunçu rayonu Bilgəh-Maştağa yolunda baş verən qəzada daha bir nəfərin xəsarət aldığı məlum olub.
Qəzada Çevik Polis Alayının əməkdaşı 28 yaşlı Əsgərov Rasim Zülfüqar oğlu da xəsarət alıb.
Həmin yol qəzasında xəsarət alanlardan biri Qəzənfərli Azad Ələsgər oğlunun vəziyyəti orta-ağır olduğundan Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.