Rusiya Ukraynanın Donbas bölgəsindəki "Donetsk Xalq Respublikası və "Luqansk Xalq Respublikası separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin bu gün Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında daimi yaşayan Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlərin Rusiyada tanınması barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, bu, müvəqqəti tədbirdir və qeyd olunan rayonlarda vəziyyət siyasi cəhətdən nizamlananadək qüvvədə olacaq.
O vaxtadək qeyd olunan ərazilərdə faktiki olaraq fəaliyyət göstərən orqanlar tərəfindən verilən sənədlər həqiqi hesab ediləcək.
Fərmanda, Ukraynanın Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında daimi yaşayan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya vizasız gediş-gəlişinə icazə verildiyi qeyd olunur.
Fərman imzalandığı gündən qüvvəyə minib.