Amerikanın Şimali Karolina ştatının həbsxanasında yerli vaxtla ötən şənbə günü səhər islami cihadın ideoloji "atası" heab olunan Ömər Abdel-Rahman"təbii səbəblərdən" ölüb.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Reuters" həbsxana rəsmilərinə istinadən bildirib. "Kor şeyx" ləqəbli Ömər Abdel-Rahman Nyu Yorka Dünya Ticarət Mərkəzində 1993-cü ildə törədilmiş terror hücumuna və 1995-ci ildə Nyu Yorkda seriya terror hücumları planlaşdırdığına görə ömürlük həbs cəzasına məhkum edilmişdi. O, 10 ildir ki, həmin həbsxanada saxlanılırdı. "Kor şeyxin" öldüyünü onun oğlu, hazırda Misirdə ailəsi ilə birlikdə yaşayan Ammarda təsdiq edib.
Şeyx Ömər-Abdel Rahman 1938-ci ildə Misirdə anadan olub, Qahirədəki "Əl-Əzhar Universiteti"ində təhsil alıb. İslami cihadın əsas ideoloqlarından olan Abdullah Azzamın ən fəal tələbələrindən sayılırdı. Misir İsraillə sülh əldə edəndən sonra 1978-ci ildə Misirdə bu razılaşmaya qarşı "Camaa İsmaliyyə" islamçı qruplaşması bu sülh razılaşmasına qarşı çıxdı, qrupun liderlərindən biri də Ömər Abdel-Rahman idi.
Misirlə sülh razılaşması imzalayan Misir prezidenti Ənvər Sadatın 1981-ci ildə hərbi parad zamanı öldürülməsindən sonra onu da həbs etdilər. O, həmin sui-qəsdin təşkilatçıları arasında yer alırdı, lakin sübut tapa bilmədiklərinə görə 1983-cü ildə şeyxi həbsdən azad edirlər.
Ənvər Sadat
Həbsdən azad ediləndən dərhal sonra Ömər Abdel-Rahman Əfqanıstana gedir və orada sovet qoşunlarına qarşı döyüşən mücahidlərə qoşulur. Həmin müharibədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Abdel-Rahmana tam dəstək verirdi. Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşlərdə xidmətlərinə görə ABŞ Abdel-Rahmanı 1990-cu ilədək qüvvədə olan turist vizası ilə mükafatlandırmışdı. Həmin turist vizası ilə ABŞ-a gedən Abdel-Rahman bu ölkədən siyasi sığınacaq istəyir, iddia edir ki, Misir hakimiyyəti "dini inanclarına görə" onu təqib edir. Ancaq şeyxin sığınacaq xahişi rədd edilir, o, 1992-ci ildə məhkəmə mübarizəsini də uduzur. Lakin ABŞ-da qaldığı həmin müddət ərzində şeyx ölkə boyu çox intensiv səfərlər edirdi və müsəlmanları Birləşmiş Ştatlara qarşı cihada səfərbər edirdi.
Tezliklə Abdel-Rahman ABŞ-dakı "Əl-Faruk" məscidinin imamı olur, onun məcid icmasındakı rəqibi, böyük pullara nəzarət edən Mustafa Şalabi 1993-cü il fevralın 25-də müəmmalı şəkildə öldürülür. Onun ölümündən bir gün sonra isə şeyxin davamçıları Dünya Ticarət Mərkəzində terror törədir. FTB bildirirdi ki, Abdel Rahman Əfqanıstandakı əlaqələrindən istifadə edərək bu terror hücumunu planlaşdırmışdı. Nəhayət "kor şeyx" 1995-ci ildə həbs olunur və ömürlük həbs cəzasına məhkum edilir. 2007-ci ildə onu Kolorado ştatındakı həbsxanaya köçürürlər.
Abdel-Rahman "kor şeyx " ləqəbini uşaqlıqda diabet xəstəliyi nəticəsində kor olduğuna görə qazanıb. O, həbsxanada da qlobal cihadın əsas ideoloqlarından biri olaraq qalırdı. Abdel-Rahman bütün həyatını müsəlmanları Misirdə islamçıların hökranlığını qəbul etməyən hökumətləri və adamları öldürməyə çağırmaqla keçib.
"Abdel-Rahman 90-cı illərdə törədilmiş ən qanlı və səs-küylü terror hücumlarının arxasında dayanan adamdır. Bu terror hücumları hazırda dünyanı bürümüş terrorçu hərəkatın fundamenti oldu"-Vaşinqtondan radikal islam üzrə ekspert Bryus Hoffman bildirir.
Abdel-Rahmanın ABŞ-da ömürlük həbs cəzasına məhkum edilməsi onun davamçılarının qızğın reakiyalarına səbəb olmuşdu. "Əl-Qaidə" dəfələrlə hər bir müsəlmanı Ömər Abdel-Rahmanın həbsinə görə ABŞ-dan qisas almağa çağırmışdı.
2006-cı ildə "kor şeyxin" səhhəti həbsxanada kəskin pisləşəndə Amerika xüsusi xidmət orqanları narahat idilər ki, onun həbsxanada ölümü yeni terror hücumlarına təhrik edə bilər. FTB müəyyən etmişdi ki, "kor şeyx" öz tərəfdarlarına vəsiyyət göndərərək həbsxanada ölərsə buna görə qisas almağa çağırıb. 1998-ci ildə "Əl-Qaidə" nümayəndələri şeyxin vəsiyyətini mətbuat konfransında açıqlamışdılar.
Ömər Abdel-Rahmanın oğlu Ahmed 2001-ci ildə Amerika xüsusi xidmət orqanları tərəfindən həbs olunub. O, "Əl-Qaidə" lideri Üsəma bin Ladenin ən yaxın köməkçilərindən biri idi. Ehtimal edilir ki, Ahmed Ömər Abdel-Rahman hansısa Amerika gizli həbsxanasında saxlanılır, yaxud artıq sağ deyil...