Koreya Xalq Demokratik Respublikasının (KXDR) Malayziyadakı səfiri Kan Çhol rəsmi Kuala - Lumpurun ünvanına səsləndirilən tənqidi fikirlərlə bağlı Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Malayziya XİN-i məlumat yayıb.
KXDR-in səfiri mətbuat konfransında bəyan edib ki, Malayziya hökuməti 2017-ci il fevralın 13-də Şimali Koreya vətəndaşının qətli ilə bağlı "bəzi məqamları gizli saxlayır. Səfir həmçinin bildirib ki, Malayziya "xarici qüvvələrlə əlbir olaraq, onlara qulluq göstərib.
XİN-in yaydığı məlumatda qeyd olunur ki, KXDR-in səfiri Kan Çhol fevralın 18-də keçirdiyi mətbuat konfransında Malayziya hökumətinə qarşı səsləndirdiyi ittihamlara görə dəvət olunaraq, ondan izahat tələb edilib.
"The Star qəzetinin yazdığına görə, səfir XİN-ə gələrək burada rəsmi nümayəndələrlə görüşüb. Qəzet bildirir ki, ötən cümə günü səfir Kim Çen Namın cəsədinin yarılması ilə bağlı Malayziya hökumətindən və polisindən narazılığını ifadə edərək, Şimali Koreya liderinin qardaşının bu ölkəyə verilməsi məqsədilə müvafiq sənədlərin təqdim olunduğunu bildirib. Cəsədin təcili olaraq KXDR-ə verilməsini tələb edən səfir bununla bağlı Kuala - Lumpurun rədd cavabına etirazını bildirib.
Kim Çen Nama qarşı sui-qəsd fevralın 13-də Malayziya aeroportunda təşkil edilib. Müstəntiqlərin qənaətinə görə, KXDR liderinin qardaşına qarşı sui-qəsd sonradan hadisə yerindən yayınan iki qadın tərəfindən həyata keçirilib. İstintaqın gedişi zamanı qətl hadisəsi ilə bağlı bir neçə nəfər saxlanılıb.
Müxtəlif rəylərə görə, Kim Çen Namı xüsusi iynə, üzünə maye püskürtmə və ya isladılmış tampon vasitəsilə zəhərləyiblər.
Mütəxəssislərin rəyinə əsaslanan Cənubi Koreya kütləvi informasiya vasitələri isə onun yüksək dərəcəli zəhərli maddə ilə hücuma məruz qaldığını yazıb.