Image result for mehman muradlıHüquqşünas Mehman Muradlı: "Veteranların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı onlara xüsusi imtiyazlar verilib və davamlı pulsuz tibbi xidmət göstərilir

Ölkədə sosial qayğıya ehtiyacı olan təbəqələrdən biri də veteranlardır. İstər əmək veteranları, istərsə də müharibə veteranları hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılır.Bu günlərdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlarla görüşərək onların qayğıları ilə maraqlanıb. Görüşdə Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb, dövlətimizin başçısına minnətdarlıq ifadə olunub. Prezidentin köməkçisi vurğulayıb ki, ölkə həyatında daim fəallıq göstərən veteranlar yalnız mənsub olduqları nəslin və ailələrin deyil, bütün xalqın fəxri, ağsaqqalı və ağbirçəyi hesab edilir. Azərbaycanda müharibə əlilləri və veteranlarının yüksək dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən Əli Həsənov bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti canlanıb, veteranlara münasibət əsaslı şəkildə dəyişib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Təkcə cari ilin əvvəllərində müvafiq sərəncamlar imzalanıb, İkinci Dünya müharibəsi veteranları - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aleksandr Qritçenko və Fatma Səttarova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib. Hər iki qocaman veteran bu yüksək dövlət mükafatına ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görülüb. Sonra Prezidentin köməkçisi Azərbaycan Prezidentinin fəxri diplomlarını Fatma Səttarovaya və Aleksandr Qritçenkoya təqdim edib, onlara cansağlığı və işlərində uğurlar arzulayıb.

Fatma Səttarova və Aleksandr Qritçenko yüksək təltifə və diqqətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Prezident İlham Əliyevin müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda veteranlara sözün həqiqi mənasında mənəvi sərvət kimi yanaşılır. Azərbaycan veteranları dövlətimizin başçısının daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf etməyə çalışırlar.
Xüsusi vurğulamaq lazımdır ki, bu kateqoriyadan olanlara dövlət tərəfindən kifayət qədər ciddi dəstək verilir. Qanunvericilikdə də veteranların sosial təminatı ilə bağlı önəmli məqamlar təsbit olunub. Bu barədə fikirlərini "Unikalla bölüşən hüquqşünas Mehman Muradlı deyib ki, bütün bu prosedurlar "Veteranlar haqqında Qanunla tənzimlənir. Onun sözlərinə görə, bu Qanun 1992-ci il dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 46-cı sessiyasının qəbul etdiyi prinsiplərə uyğun olaraq müharibə, əmək, silahlı qüvvələr, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanları veteranlarının statusunu, veteranlar barəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsaslarını təsbit edir. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimləyir, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirir. Hüquqşünas bildirib ki, veteranlar haqqında dövlət siyasəti bir sıra əsaslar üzərində qurulur: "Onlar sosial və hüquqi müdafiənin təmin edilməsi, əmək haqqının minimum səviyyəsindən az olmayan dolanacağa təminat verilməsi, fiziki və ruhi sağlamlıq, fəal uzunömürlülük üçün şərait yaradılması, yaşayış sahəsi ilə təminat, hər bir veterana zəruri tələbatını təmin edən səviyyədə müxtəlif növ sosial xidmətlər göstərilməsi, əmək hüququnun heç bir məhdudiyyət qoyulmadan, sağlamlıq vəziyyətinin imkan verdiyi səviyyədə həyata keçirilməsi, ictimai faydalı fəaliyyətdə iştirak etmək üçün lazımi şərait yaradılması, veteran təşkilatlarının fəaliyyətinə kömək göstərilməsi, veteranların bütün cəmiyyətə və xüsusən onlara aid siyasətin və proqramların hazırlanması və həyata keçirilməsi işinə bilavasitə cəlb edilməsidir. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir.
Bundan əlavə, Veteranlara pensiyalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
M.Muradlı veteranların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı onlara xüsusi imtiyazlar verildiyini vurğulayıb. Onun sözlərinə görə, veteranlar Azərbaycan Respublikasının mənzil qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edir, eyni zamanda qaraj, mənzil tikintisi kooperativlərinə və bağçılıq ortaqlıqlarına daxil olmaq sahəsində üstünlüklərə malikdirlər. Hüquqşünas deyir ki, müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir: "Mənzil, kommunal və rabitə xidmətləri haqqının ödənilməsi İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan, şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla, mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada tibb müəssisələrinin göndərişi əsasında sanatoriya-kurort müalicəsi alırlar. İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dərman və müalicə vasitələri almaq üçün müavinət verilir. Müvafiq icra hakimiyyəti orqanları daimi qulluğa ehtiyacı olan xroniki xəstələr üçün geriatriya kabinetləri, pansionatları, xəstəxanaları vasitəsilə geriatriya yardımı şəbəkəsini təşkil edir və maliyyələşdirirlər. İkinci Dünya müharibəsi iştirakçıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada protez-ortopediya məmulatları ilə təmin edilir və diş protezləri düzəltdirirlər. Müvafiq icra hakimiyyəti orqanları, müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən müəssisələr öz vəsaitləri hesabına veteranların maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər, müalicə olunmaqda, veteranların həyat və fəaliyyətini asanlaşdıran texniki vasitələr almaqda, mənzilləri təmir etdirməkdə, başqa ehtiyacları ödəməkdə veteranlara yardım göstərə bilərlər. Bundan ötrü müvafiq fondlar yaradıla bilər. Müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədi ilə sosial xidmət müəssisələri, habelə veteranlara sosial xidmətin göstərilməsini təşkil edirlər. Veteranlara "Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmət göstərilir. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi Veteranların sosial müdafiəsi tədbirlərini müvafiq icra hakimiyyəti planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika dövlət büdcəsinin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır. Müsbət məqamlardan biri də odur ki, vəfat etmiş veteranlara mərasim xidməti qüvvədə olan qanunvericiliyə müvafiq surətdə göstərilir. Müsahibimiz deyir ki, veteranın əvvəl işlədiyi əmək kollektivləri, hərbi komissarlıqlar vəfat etmiş veteranın dəfnində qohumlarına zəruri yardım göstərməlidirlər. Onun sözlərinə görə, vəfat etmiş tənha veteranları müvafiq icra hakimiyyəti orqanları dövlət büdcəsinin vəsaiti hesabına dəfn edirlər.
Göründüyü kimi, dövlət veteranların mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş gündəlik sosial-məişət problemlərinin həllinə qədər bütün detalları nəzərə alıb. Məsələ odur ki, bütün bunlar təkcə kağız üzərində deyil, veteranların gündəlik həyatında hiss olunur. Bu səbəbdən də qayğıya ehtiyacı olan veteranların dövlətin himayəsində olması cəmiyyət tərəfindən təqdir olunur.

Z.Məmmədli