Terrorizm ümumi bəladır və şübhəsiz, yalnız güzəştsiz qınanmağa layiqdir. Ancaq Qərbin ikili standartları, dini qərəzlilik mövqeyi, onun bəşəriyyəti "bərabərlər" və "daha çox bərabərlər" kimi iki hissəyə bölməsi Avropanın səmimiyyətinə böyük şübhə oyadır.
Bu dəqiqələrdə Berlindəki Brandenburq qapıları, eləcə də dünyanın bir sıra başqa görməli yerləri Belçika bayrağının rənglərinə boyanıb. İlk baxışda, burada heç bir pis niyyət yoxdur: belçikalılar üçün bu ağır günlərdə almanlar onlarla öz həmrəyliyini ifadə edirlər. Ancaq, gəlin AFR-də yaşayan belçikalıların və türklərin sayını müqayisə edək. Ölkə əhalisinin dörd faizi etnik türklərdir. Doğrudanmı, heç olmasa öz vergi ödəyiciləri olan türklərə hörmət əlaməti olaraq elə həmin Brandenburq qapılarını Türkiyə bayrağının rənglərinə boyamaq və üzəvari də olsa, türk xalqının kədərinə şərik olduğunu bildirmək çətin idi?
Ankarada partlayışlar üçün məsuliyyət daşıyan və PKK ilə əlaqələrə malik olması sübut edilmiş YPG terror təşkilatına isti münasibət göstərilir, o hətta Avropada özünün rəsmi nümayəndəliyini açmaq üçün Çexiyanın hakimiyyət orqanlarından yer alır. Görəsən, əgər Ankara İŞİD-i özünün "müttəfiqi" adlandırsaydı və İŞİD-in rəsmi nümayəndəlik açması üçün ona yer versəydi, Avropanın buna reaksiyası necə olardı? Axı onların (YPG ilə İŞİD-in) arasında heç bir fərq yoxdur!
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel