ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, Cozef Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.
"ABŞ-da, bizim hərbi sahədə əməkdaşlığımıza mane olan qanun var, - deyə Danford Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.
"Mənim rusiyalı həmkarımla Bakıdakı görüşüm siyasətdə hər-hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur, - deyə Danford qeyd edib.
Bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib.