Ötən gün saat 12:30-da Lerik rayonunda Əhliman Mustafayevə məxsus 3 otaqlı ev qar uçqunu altında qalıb.
Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Həmin vaxt ailə üzvlərindən 5 nəfəri tamamilə dağılan otaqda olublar. Qar altında qalan ailə üzvləri 56 yaşlı Şövkət Mustafayeva, gəlini 23 yaşlı İlahə Mustafayeva, nəvələri 2 yaşlı Zəhra və 1 yaşlı Uğur Mustafayevlər uçqun zamanı həlak olublar. 8 aylq Elcan Mustafayev beşikdə olduğundan onu uçqun altında sağ çıxarmaq mümkün olub.
Dərhal hadisə yerinə cəlb olunan həkim briqadasının köməkliyi ilə körpə Lerik Rayon Xəstəxanasına çatdırılaraq ilkin tibbi yardım göstərilib və müayinələrdən keçirilib.
Körpənin atası Zöhrab Mustafayev bildirir ki, hadisə baş verən an həyətdə olub. Və qəfildən dağın ətəyindən qar uçqununun evə doğru hərəkət etdiyini görüb. Evdə olanları xəbərdar etməyə çalışsa da bu mümkün olmayıb: "Elə qapını açıb, içəri girmək istədim gördüm ki, evi basıb dağıtdı. Divar uçdu. Qardaşımın yoldaşı, 2 uşaq qaldı dağın altında. Oğlum qalmışdı 8 aylıq uşaq. Boğulmuşdu. Süni nəfəs verəndən sonra özünə gəldi".
Hadisə baş verəndən dərhal sonra Lerik rayon rəhbərliyi, FHN-nin Cənub regional mərkəzinin əməkdaşları Orand kəndinə yollanıblar.
Bu gün kənddə həlak olan ailə üzvlərinin dəfni həyata keçirilir. Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov bu məqsədlə icra hakimiyyəti başçısı tərəfindən lazımi köməkliyin göstəriləcəyini bildirdi.
Ərazidə qarın hündürlüyü 1 metrdən artıq olduğu üçün və qar çovğunu müşahidə olunduğundan hazırda texnikalar ərazidə iş aparır.
Uçquna səbəb isə evin dağın kənarında yerləşməsi və rayona yağan intensiv yağıntı nəticəsində 3-4 metr qarın yığılması olub.