"Rusiyaya alma və soğan məhsullarının ixracında yaranan problemin həllində irəliləyişlər var".
Unikal.org xəbər verir ki, bunu "Report"un Şimal bürosunun müxbirinin sualını cavablandırarkən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Komitə sədri deyib ki, o, bununla bağlı Rusiya Federasiyasının Gömrük Xidmətinin rəhbərliyinə məktubla müraciət edib: "Rusiya-Azərbaycan sərhədinin gömrük keçid məntəqələrində bir neçə maşınla bağlı problem yaranmışdı. Rusiya Gömrük İdarəsi bu ölkəyə idxal edilən alma və soğan məhsullarına şübhə ilə yanaşıb və həmin məhsulları ekspertizaya göndərib. Ötən gün Rusiya Federasiyasının Gömrük İdarəsinin rəhbərliyinə məktubla müraciət etmişəm və bildirmişəm ki, Azərbaycandandan Rusiyaya ixrac edilən məhsullar gömrük nəzarətindən keçir. Eyni zamanda müvafiq dövlət qurumları tərəfindən həmin məhsullara sertifikatlar və digər lazımi sənədlər verilir. Bu məhsulların müayinəsiz Rusiya tərəfinə keçməsini qarşı tərəfdən xahiş etmişik. Bu istiqamətdə artıq irəliləyişlər var".
Qeyd edək ki, Rusiya-Azərbaycan gömrük keçid məntəqələrindən bu ölkəyə ixrac olunan bəzi kənd təsərrüfatı məhsulları Rusiya Federasiyası Gömrük Xidməti tərəfindən ekspertizaya göndərilməsi və ya buraxılmaması tıxacların yaranmasına səbəb olmuşdu. Xaçmaz Gömrük İdarəsinin "Xanoba" Gömrük Postunun Gömrük Nəzarət Zonasının sərhəd keçid məntəqəsi yaxınlığında 30-dan çox yük avtomobili ilə yanaşı, mikroavtobuslar və onlarla piyada sərhədi keçmək üçün üç gündür növbə gözləyir.