Bakıda 21 yaşlı oğlan intihara cəhd edib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Əhmədov Bəhruz Etibar oğlu Tofiq Məmmədov küçəsində yerləşən beşmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib. O, dostu Rəsulun hadisə yerinə gəlməsini tələb edib. B.Əhmədovun yaxınları onu dilə tutmağa çalışıblar və psixoloji söhbətin yekununda gənc oğlan damdan düşürülüb. O, polis bölməsinə aparılıb.
İlkin araşdırma zamanı məlum olub ki, B.Əhmədov paytaxtdakı mağazalardan birində işləyir və bir müddət əvvəl dostu Rəsul ondan borc pul istəyib. Bəhruz işlədiyi obyektə məxsus olan 9 min manatı dostuna verib, Rəsul da məbləği qısa müddətdə qaytaracağına söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, pul qaytarılmayıb. Çıxılmaz vəziyyətə düşən gənc oğlan çıxış yolunu intihar etməkdə və ya bu yolla dostundan pulu geri almaqda görüb.
Araşdırmalar davam etdirilir.