"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Həyata keçirilən axtarış - xilasetmə əməliyyatları nəticəsində bu gün fevralın 28 - də dənizin "Pirsaat daş silsiləsi ərazisində kişi meyiti tapılıb.
Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.