Ağrıda yaşayan 5 dil bilən və iş tapa bilmədiyi üçün Ağrı Heyvan Bazarında olan bir çayxanada işləmək məcburiyyətində qalan Nemət Özbalık, öyrəndiyi dilləri istifadə edə biləcəyi bir iş axtarır.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, uzun illər Almaniya və Avstriyada yaşayan və sonradan vətəni Ağrıya qayıdan Nemət Özbalık, getdiyi hər yerdə 5 dil bilməsinə baxmayaraq iş tapa bilməyib və çayxanada ofisiantlıq etməyə başlayıb. Alman, Fransız, Yuqaslaviya, Türk və Kürdcə bilən Özbalık, Ağrıya xarici turistlərin gəlməməsinə görə bu dillərdən istifadə edə bilmədiyini söyləyib.
İbtidai məktəb məzunu olmasına baxmayaraq böyük səy göstərərək bu dilləri öyrənən Özbalık, "Avropada 12 il qaldım və gəmiqayırmada işlədim. Vətən həsrəti çəkdiyim üçün Türkiyəyə qayıtdım. Avropada qaldığım illərdə çox yaxşı Alman, Fransız və Yuqaslaviya dillərini öyrəndim. Hal-hazırda 5 dildə danışa bilirəm. Lakin bu dilləri bilməyimə baxmayaraq ailəmi dolandırmaq üçün çayxanada, gündəlik 20-30 lirəyə işləyirəm "deyib.
Ailəsi Ağrıda yaşadığı üçün başqa şəhərlərə getmək istəmədiyini vurğulayan Nemət Özbalık, 5 dili çox axıcı bir şəkildə danışdığını ifadə edib. Bu dillərin Ağrıda istifadə edilmədiyini, buna görə də çətinliklə yaşadığına toxunan Özbalık, "İbtidai məktəb məzunu olmama baxmayaraq 5 dili ana dilim kimi öyrəndim. Ancaq işləmək imkanı tapa bilmədim. Mən də ailəmi dolandırmaq üçün hal-hazırda çayxanada ofisiant işləyirəm. Ümid edirəm ki, böyük çətinliklərlə öyrəndiyim bu dilləri gələcəkdə istifadə etmək imkanı tapacam. Yaşadığım ev kirayədir və maddi imkanım olmadığı üçün gündəlik belə işlərdə işləyirəm " deyərək sözlərinə əlavə edib.