Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən pul oğurlanması ilə bağlı iddialara cavab verib.
Qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Unikal.org-a daxil olan xəbərə görə, 02.03.2017 tarixində bir sıra kütləvi infomasiya vasitələrində axar.az informasiya portalına istinad edilməklə "BakıBus sərnişinlərdən əlavə pul oğurlayır - Fırıldaq başlıqlı məqalə dərc edilib. Bakı Nəqliyyat Agentliyi tərəfindən hadisə dərhal nəzarətə götürülüb və bunula bağlı ətraflı araşdırma aparılıb: "Bu məqsədlə sözügedən məqalənin dərc edən axar.az informasiya portalının baş redaktoru ilə Anar Niftəliyevlə əlaqə saxlanılıb. Baş redaktorun sözlərinə görə seriya nömrəsi 0100751142 olan ödəmə kartı ona məxsusdu və o, 02.03.2017 tarixində səhər saat 10:30 radələrində 3 nömrəli marşrut üzrə hərəkət edən avtobusa minərkən kart vasitəsi ilə ödəniş etsə də avtobusun sürücüsü Rəşad Nuriyev ondan təkrar ödəniş etməsini tələb edib.
Aparılan kompleks araşdırma nəticəsində müəyyən edilib ki, seriya nömrəsi 0100751142 olan kart sahibi sərnişin 02.03.2017 tarixində 3 dəfə hər birində 20 qəpik olmaqla ümumilikdə 0.60 azn ödəniş edib. Buna qədər isə kartın balansında 3.20 azn məbləğində vəsait olub. Sərnişin ilk ödənişini saat 09:49:15-də DSX-nin Akademiyası yaxınlığındakı dayanacaqda 21 nömrəli marşrut avtobusuna minərkən edib.
Saat 09:56:35-də sərnişin həmin kartla metronun "Əhmədli stansiyasında ödənişini edib.
Metrodan çıxdıqdan sonra 10:28:07-də metronun "Gənclik stansiyası yaxınlığndakı dayanacaqda 3 nömrəli marşrut avtobusuna minib. Bu zaman kartı oxunma qurğusuna yaxınlaşdırsa da ilk cəhtdən ödəniş baş tutmayıb və kartı növbəti dəfə qurğuya yaxınlaşdırıb ödəniş edib. Bütün bu proses avtobusun salonundakı müşahidə kamerası vasitəsi ilə də qeydə alınıb. Həmin görüntülərdən də aydın görünür ki, sərnişin kartı ilk yaxınlaşdırdıqda balansdan heç bir məbləğ silinmir. İkinci dəfə yaxınlaşdırdıqda isə balansdan 0.20 azn silinir və bu barədə məlumatda təqdim etdiyimiz videoda açıq görünür. Onu da qeyd edək ki, 02.03.2017 15:05:53-ə olan məlumata görə kartın balansında 2.60 azn vəsait qalıb.
Bakı Nəqliyyat Agentliyi bir daha bütün media qurumlarından paytaxtın nəqliyyat sistemi o cümlədən ictimai nəqliyyatla bağlı hər hansı bir yazı hazırlayarkən və ya müəyyən şikayətlərlə bağlı araşdırma apararkən qurumun mətbuat xidməti ilə əlaqə saxlamalarını xahiş edir. Bu kimi dəqiqləşdirilməmiş informasiyaların yayılması yalnış ictimai rəy formalaşdırmaqla yanaşı onlarla yüksək ixtisaslı peşəkar əməkdaşın çalışdığı dövlət quruma qarşı hörmətsizlikdir və onların sərnişinlərimizin rahatlığının təmin edilməsinə yönəlik fəaliyyətinə kölgə salır.