ARB TV-nin "Gəlin Danışaq" verilişinin növbəti qonağı müğənni Elvin Abdullayev olub.

Unikal.org-un məlumatına görə, sənətçi uşaqlıq illərini xatırlayıb. O bildirib ki, kasıb ailədə böyüyüb:

"Sakit və kasıb ailədə böyümüşəm, özüm də sakit uşaq olmuşam. O qədər kasıb deyildik ki, acından ölək... Ancaq elə şeylər var idi ki, onu almaq istəyirdim, amma imkanımız çatmırdı. Mən yataqxanada böyümüşəm. Misal üçün yay gələrdi, amma biz xiyar, pomidor almağa imkanımız çatmazdı. Bu günümə şükür.

Atamı, anamı incidən bir uşaq olmamışam. Bacım çox dəcəl idi. O çox döyülüb, mən yox. İndi də atam deyir ki, yazıq qızın başına vurmuşam. Amma sən "juk" olmusan, həmişə vəziyyətdən çıxmağı bacarmısan. Uşaqlıqdan böyüklərin anlayacağı şeyləri anlamışam. Ona görə həmişə sakit olmağa çalışmışam".

Ailəsinin çətin anlarından danışan müğənni məcburiyyətdən rayona köçdüklərini deyib:

"Atam Qax rayonundandı. Nənəm həmişə deyirdi ki, görürəm vəziyyətiniz ağırdı. Heç olmasa gəlin buradan fındıq yığın, aparıb satın vəziyyətdən çıxın. İkinci, üçüncü sinifləri Qaxda oxumuşam, çünki dərslərimdən də yayınırdım. Atam məcbur idi ki, getsin o fındıqları yığsın.

Çox qaldıq yataqxanada. Baxmayaraq ki, yataqxana idi, lakin biz çox xoşbəxt yaşayırdıq. Ən gözəl günlərimiz o yataqxanada olub. Yataqxanadan sonra 2 ev dəyişdik, ən son evimizi gəlib yataqxananın qabağından aldıq. Çunki uşaqlığım orada keçib".