Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Tərtər rayonunun bir neçə yaşayış məntəqəsinin fərdi təsərrüfatında xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfatın olması barədə məlumat yayılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) baytarlıq mütəxəssislərindən ibarət qrup Tərtər rayonunun yaşayış məntəqələrinə araşdırma və əməli köməklik məqsədi ilə ezam olunub.

DBNX-dan Unikal.org-a daxil olan məlumatda bildirilir ki, aparılan araşdırmalar zamanı rayonun təsərrüfatlarında iddia olunduğu kimi 500 baş yox, yanvar ayından bu günə kimi bütün yaşayış məntəqələri üzrə cəmi 97 baş xırdabuynuzlu heyvanın iti fassilyoz (qaraciyər qurdu), diktikaulyoz və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilib.

Eləcə də müəyyən olunub ki, baxım şəraitinin zəif olması xırdabuynuzlu heyvanların tələf olmasına gətirib çıxarıb. Tərtər rayonunda yoluxucu xəstəliklərdən xırdabuynuzlu heyvanların kütləvi tələf olması halları qeydə alınmayıb və epizootik vəziyyət sabit olub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bəzi KİV-də guya heyvanlara vurulan peyvənd vasitələrinin keyfiyyətsiz olması ucbatından tələfatın baş verməsi barədə dərc edilən xəbərlərə də münasibət bildirib: "Aparılan laboratoriya müayinələrinin nəticəsinə əsasən heyvanların yoluxucu xəstəliklərdən deyil, qurd və digər yoluxmayan terapevtik xəstəliklərdən tələf olması müəyyən edilib. Peyvənd vasitələrinin qurd və digər yoluxmayan terapevtik xəstəliklərlə heç bir əlaqəsi mövcud deyil. Xatırladırıq ki, ölkəmizə dövlət vəsaiti hesabına alınıb gətirilən bütün peyvənd vasitələrinin beynəlxalq keyfiyyət sertifikatları var. Eləcə də bu peyvənd vasitələrinin keyfiyyəti ölkəmizdə laboratoriya şəraitində bir daha yoxlanıldıqdan sonra heyvanlara tətbiq olunur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti KİV nümayəndələrindən xahiş edir ki, bu kimi məlumatları dərc edərkən Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxlanılsın, lazımi və obyektiv məlumat əldə etdikdən sonra onun yayımlanması təmin edilsin.

Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktik tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalı və zootexniki normalara uyğun qidalarla təmin edilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada epizootik vəziyyət sabitdir və vəziyyətə nəzarət olunur.