Göygöl rayonunda piyadanın ölümü ilə bağlı ata və oğul saxlanılıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, onların hər ikisi hadisəyə görə günahı öz üzərinə götürür.
Axşam saatlarında rayonun Quşqara kəndində, 1970-ci il təvəllüdlü piyada Haqverdiyev Fərman Bəylər oğlu "Toyota Land Cruiser Prado" markalı avtomobil ilə vurulub. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda ölüb. Morqa yerləşdirilən mərhumun meyitinin ekspertiza aparılması üçün yarılmasına razı olmayan avtomobilin sürücüsü və sərnişini həkimlərlə mübahisə ediblər. Nəticədə onlar hadisə yerinə gələn Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Göygöl rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə baş verən zaman sükan arxasında kimin olduğu hələ ki, məlum deyil. Bu, onların hər ikisinin günahı öz üzərinə götürməsi ilə əlaqədardır.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.