Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən daha bir şəxsi aşkar ediblər.
Komitədən Unikal.org-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində, Bakı-Qazax avtomagistral yolunun 245-ci kilometrliyində, Kürdəmir rayonu ərazisindəki restoranlardan birinin qarşısında Azərbaycan Respublikasının vətəndaşı Tağıyev Elbariz Rəfayıl oğlu ümumi çəkisi 4330 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı Tağıyev Elbariz Rəfayıl oğlu şübhəli şəxs qismində tutulub, Azərbaycan Respublikası CM-nin 240.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.
Hazırda cinayətin bütün hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xatırladaq ki, gömrük əməkdaşları tərəfindən bundan öncə iki fakt üzrə ümumi çəkisi 9894,5 qram olan civəni satmaq istəyən şəxslər də aşkar edilərək saxlanılıblar.