Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşı "Yaşıl kanal buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçib, lakin əl çantası rentgen aparatından keçirilərkən çantada pul əsginaslarının olması barədə şübhə yaranıb.
Vətəndaş saxlanılaraq həm əl çantasında, həm də üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Təkrar yoxlama zamanı əl çantasındakı ayaqqabının içində falqaya bükülmüş 100 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 10.000 ABŞ dolları aşkar edilib. Çantada olan kofe paketinin içində isə kofe dənəciklərinin arasında falqaya bükülmüş 400 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 40.000 ABŞ dolları aşkar olunub.
Şəxsi yoxlama zamanı isə vətəndaşın şalvarının cibində 13 ədəd - hər biri 100 ABŞ dolları, 2 ədəd - hər biri 50 ABŞ dolları, 2 ədəd - hər biri 20 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 1440 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.