"Azərbaycan iqtisadiyyatı ortamüddətli perspektivdə ildə 2-3 faiz artım nümayiş etdirəcək".
Unikal.org bildirir ki, bu barədə Trend-ə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.
Onun sözlərinə görə, cari ildə Azərbaycan iqtisadiyyatında vəziyyət ötən illə müqayisədə daha yaxşı olacaq.
Missiya rəhbəri ötən ilin çox çətin il olduğunu qeyd edib: "Azərbaycan iqtisadiyyatı tədricən resessiyadan çıxdı, lakin ümumilikdə vəziyyət bir qədər çətin olaraq qalır. Düşünürəm ki, ölkə ÜDM-i ortamüddətli perspektivdə 2-3 faiz artmaqda davam edəcək".
Əl-Qorçi bildirib ki, Azərbaycan iqtisadiyyatındakı cüzi resessiya ilk növbədə neftin qiymətlərinin kəskin azalması ilə əlaqədardır:
"Neftin qiymətlərinin kəskin azalmasından sonra digər ixracatçı ölkələr kimi, Azərbaycan da müəyyən çətinliklərlə üzləşdi. Neftin qiymətləri çox aşağı düşdü və təbii ki, iqtisadiyyata, xüsusən də 2015-2016-cı illərdə təsir etdi. Bunun nəticəsi kimi biz 2016-cı ildə Azərbaycan iqtisadiyyatının cüzi azaldığını müşahidə etdik".