Unikal biokimyəvi tərkibə malik daş yağı 4 min ildən çoxdur ki, Çin, Monqolustan və Birma kimi ölkələrin xalq təbabətində təbii müalicə vasitəsi kimi tətbiq edilir. Möcüzəvi cavanlaşdırıcı təsirinə görə Çin mifologiyasında ona "ölməzlik qidası" adı verilib. Bahalı flakonlarda qızıl qiymətinə satılan daş yağı yalnız imperator ailəsinin üzvləri üçün idi, başqaları ondan istifadə edəndə onları amansız edam gözləyirdi.
Unikal.org bildirir ki, Rusiyada onun rəsmi hasilat və istifadəsinə XVIII əsrdə I Pyotrun fərmanı ilə başlanılıb və Peterburq apteklərində satışa çıxarılıb. Müasir dövrdə daş yağının ən iri yataqları Çin, Monqolustan və Altayın dağ rayonlarında aşkar edilib.
Tərkibində maqnezium-sulfat və suda həll olan duzlar saxlayan alüminium-kalium tərkibli ikiqat duzların qələviləşməsi nəticəsində yaranan mineral qayalar üzərində daş yağı əmələ gəlir. Təbiətdə ona yüksək dağ ərazilərində, mağara və qaya çatlarında amorf axıntılar şəklində rast gəlinir. Tərkibindəki sinkin miqdarından asılı olaraq rəng çaları ağ, boz, qırmızı, sarı və qəhvəyi olur. Onu bəzən mumiya ilə səhv salırlar, lakin mumiyadan fərqli olaraq daş yağı mineral məhsuldur və tərkibində üzvi mənşəli qarışıq yoxdur.
Daş yağının tərkibində orqanizm üçün faydalı olan 49 makro və mikroelement var, mineral tərkibi yaş və yatağının geoloji xüsusiyyətlərindən asılıdır. Ondan ürək-damar və mədə-bağırsaq patologiyalarında, dəri və sinir xəstəliklərində istifadə edirlər.
İstifadə qaydası çox sadədir. 3 qram daş yağının tozu hərarəti 60 dərəcədən yuxarı olmayan 2-3 litr qaynadılmış suda həll edilir, gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 stəkan qəbul edilir. Prosedur 4 həftə aparılır, ehtiyac yaranarsa 1 ay fasilə verəndən sonra təkrar edilir.
İl ərzində 4 müalicə kursu qəbul edilə bilər. Uşaq yaşlarında, hamiləlik və laktasiya, xroniki qəbizlik və fərdi həssaslıq zamanı qəbul edilməsi məsləhət görülmür. Ondan istifadə vaxtı zərərli içkilər, yağlı qırmızı ət növləri, qəhvə, şokolad və tünd çay qəbuluna icazə verilmir.