Parisin mərkəzindəki Trokadero meydanında Xocalı soyqırımının törədilməsində birbaşa əli olan və yüzlərlə günahsız azərbaycanlının qətliamına əmr verən Ermənistan Prezidenti Serj Sarkisyanın Fransaya səfərinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, aksiyada iştirak edən azərbaycanlılar Serj Sarkisyanın Parisə səfərinə etiraz bildirilib, onun əlinin qana batdığı, günahsız qadınların, uşaqların və qocaların qətlə yetirilməsinə birbaşa əmr verdiyi, münaqişə zamanı mülki şəxslər üçün humanitar dəhlizin yaradılmadığı vurğulanıb.
Aksiyada iştirak edən həmvətənlərimiz bir neçə xarici dildə "Xocalıya ədalət!, "Qarabağ Azərbaycanındır!, "Qarabağa azadlıq!, "Qarabağ bizimdir, bizim olacaq!, "Sarkisyanın yeri məhkəmədir! kimi şüarlar səsləndiriblər.
Fransız vəkil Olivye Pardo aksiyada iştirak edib və Xocalı soyqırımından danışaraq faciə zamanı insanların əməlinə görə yox, aid olduqları etnik mənşəyə görə öldürüldüklərini, bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel də aksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Fransalı deputat Sarkisyanın müsahibəsində Xocalı soyqırımında birbaşa əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb.