Bu yaşda ana olmaq, övlad dünyaya gətirmək asan deyil. Çox çətinlik çəkirəm. Üstəlik, oğlum doğulandan sonra səhhətimdə ciddi problemlər yaranıb.
Unikal.org bildirir ki, Hindistanın şimalındakı Pəncab ştatının paytaxtı Amritsarda yaşayan 72 yaşlı Daycinder Kaur ilk övladını ötən ilin aprelin 19-da dünyaya gətirib.
Oğlu doğulandan bəri o, yüksək qan təzyiqi və oynaqlarının zəifləməsindən əziyyət çəkdiyini deyir.
Daycinderin 11 aylıq oğlu Arman Sinqh iməkləməyə başlayıb.
Armanın atası, 80 yaşlı Mohinder Sinqh Gill də ilk övladını həddən artıq sevdiyini söyləyir.
"Qan təzyiqim daim yüksəlir və çox tez yoruluram. Bir neçə həkim yanına getmişəm. Onlar mənə, sadəcə, dərman verir, pəhriz saxlamağı məsləhət bilirlər. Armana görə narahatam. Təbii, səhhətimin qayğısına qalmalıyam. Amma əsas məsələ Armanı böyütməkdir", - Daycinder söyləyib.
Mohinderlə Daycinder 46 il əvvəl ailə qurublar. Onların övladları olmurdu. Arman isə anasının bir neçə uğursuz hamiləliyindən sonra süni mayalanma vasitəsilə doğulub.
Əməliyyat Hindistanın Hisar şəhərindəki Milli Fertillik Mərkəzində gerçəkləşdirilib.
Balaca Arman çox arıqdır, onun çəkisi cəmi 4,3 kiloqramdır.
"Oğlumun çəkisi hələ də normadan azdır. Yaman arıqdır. Hətta bu yaşda olan uşaqların bələkləri belə, ona böyükdür. Problemi həll etmək üçün dərman olub-olmadığını soruşanda həkimlər dedilər ki, Arman çəkisini təbii yolla yığmalıdır. Özümü çox yorğun hiss edirəm. Yalnız oğlum yatanda bir qədər dincələ bilirəm", - Daycinder Kaur deyib.milli.az