Dələduzluqla mübarizə üzrə Avropa ofisinin (OLAF) qiymətləndirmələrinə görə, Böyük Britaniya Avropa İttifaqına təxminən 2 milyard avro ödəməlidir. Bu məbləğ gömrük rüsumu ilə səhlənkar əməliyyatlar nəticəsində yaranıb.
Unikal.org bildirir ki, OLAF Brüsselə Böyük Britaniya hökumətindən bu məbləği tələb etməyi məsləhət görür. Fırıldaqçılığa qarşı mübarizə bürosu güman edir ki, bir neçə il ərzində Londonda tekstil malları və ayaqqabıların Çindən Avropa İttifaqına maya dəyərindən aşağı idxal olunmasına qarşı heç bir tədbir görülməyib.
"Saxta və saxtalaşdırılmış hesablar", eləcə də "gömrük bəyannamələrinin düzgün tərtib edilməməsi" sayəsində 2013-2016-ci illərdə Çin malları Böyük Britaniya vasitəsilə Avropaya ixrac olunub. Ödənilməmiş rüsumlardan Avropa büdcəsi üçün ziyanın ümumi məbləği 1,99 milyard avro təşkil edir. Bununla yanaşı, OLAF bildirir ki, Böyük Britaniya indiyədək bu kimi təcrübəni dayandırmayıb.
Londona qarşı maliyyə iddiaları barədə qərarı Avropa Komissiyası qəbul edəcək. Britaniya hökumətinin nümayəndəsi bildirib ki, OLAF-ın iddiaları "hazırda yoxlanılır". Britaniya gömrüyü mümkün fırıldaqlar barədə bütün iddiaları ciddi qəbul edir və onları diqqətlə araşdıracaq