Yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən Sabirabad rayon sakini əməlinə görə cavab verib
Yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Elşən Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Pokrovka kəndində anadan olan Elşən Umudov xuliqanlıq etdiyi üçün Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. O, Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb.
Həbsdən azad olunan Elşən Umudov Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq yenidən cinayətlər törətməyə başlayıb.
48 min 500 manatlıq oğurluq
Elşən Umudov 2013-cü ilin mart ayının əvvəllərindən oğurluq etməyə başlayıb. O, 2014-cü ilin mart ayının əvvəllərinədək olan müddətdə bir neçə dəfə Sabirabad rayonu Qaratəpə kəndində Fatma Hüseynovanın evinə girib. O, evdən qadının saxlanc kimi istifadə etdiyi mücrünün içərisində 12200 ABŞ dolları və 10.000 manat dəyərində olan qızıl əşyalarını, dolabın içərisindən isə 29.000 manatını oğurlayıb.
Bundan başqa Elşən Umudov 2013-cü ilin noyabr ayının əvvəllərində saat 23.30 radələrində idarə etdiyi "Mersedes-190 markalı avtomobillə tanışları Məhəbbət Səmədov, Samirə Babayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Sahibə Babayeva (nişanlısı ilə görüşən gələn oğlanın və hər iki qızın adı və soyadı şərti verilib - H. Z.) ilə birlikdə Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisinə çöllük adlanan yerə gəlib.
Orada Samirə Babayeva və Məhəbbət Səmədov avtomobildən düşüb. Hər iki şəxs avtomobilin yanında aralanıb. Bu zaman Elşən Umudov Sahibə ilə avtomobildə tək qalıb.
Vəziyyətin belə olduğunu görən Elşən Umudov arxa oturacaqda Sahibə Ağayevanın yanında əyləşib. O, həmin vaxt Sahibəyə zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.
Həmin vaxt Elşən Umudov yeniyetmə yaşına çatmayan qıza qarşı etdiyi seksual xarakterli hərəkətləri mobil telefonu vasitəsi ilə çəkib.
Bundan sonra Elşən Umudov həmin ilin noyabr ayından 2014-cü ilin aprel ayının əvvəlindək olan müddət ərzində Sahibə Babayeva ilə daim cinsi əlaqədə olub.
Şantaj və zorlama
Sahibə Babayeva onunla cinsi əlaqədə olmayan da hədə-qorxu ilə üzləşib. Elşən Umudov yetkinlik yaşına çatmayan qızla bağlı əlində rüsvayedici video olduğunu və həmin videonu yayacağını, qohumları arasında rüsvay edəcəyini bildirib.
Bundan qorxuya düşən Sahibə Babayeva Elşən Umudovla daim Sabirabad rayonunun ərazisində müxtəlif yerlərdə bir neçə dəfə cinsi əlaqədə olub.
Cinayət işi
Elşən Umudov Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama törətmək) və 177.3.2-ci (k ülli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Bacım evdən tək çıxmadı
Zərərçəkmiş şəxs qismində ifadə verən Sahibə Babayeva bildirib ki, bacısı Samirənin nişanlısı Məhəbbət həmkəndlisi Elşənlə 2013-cü ilin mart ayının 8-də onlara gəlib: "2013-cü ilin təxminən noyabr ayının əvvəllərində Məhəbbət gecə vaxtı yenə də Elşənin idarə etdiyi avtomaşınla gəlmişdi. Bacım gecə vaxtı olduğundan evdən tək çıxmadı. Bacım məni də özü ilə apardı.
Sahibə Babayeva qeyd edib ki, onlar Sabirabad rayonu Həşimxanlı kəndinin yaxınlığında olan boş sahəyə gediblər: "Burada Elşən avtomaşını saxladı. Bacımla nişanlısı avtomobildən düşdülər və kənar yerə getdilər. Bu zaman Elşən arxa oturacağa yanıma keçdi və avtomaşının qapılarını bağladı. Elşən bildirdi ki, məndən xoşu gəlir. Bu zaman Elşən mənə əl-qol atmağa başladı.
Sahibə Babayevanın sözlərinə görə, bu zaman qışqırmaq istəyib: "Amma Elşən qışqırmağıma imkan vermədi və əli ilə ağzımdan tutdu, sonra mənimlə cinsi əlaqədə olub. Cinsi əlaqədə olan zaman ağrı hiss etdim və buna görə də ağladım. Cinsi əlaqədə olandan sonra Elşən məni hədələdi və bu barədə heç kimə deməməyimi tapşırdı.
"Şəkillərimi məktəbdə paylayacağını dedi
Sahibə Babayeva qeyd edib ki, həmin gündən 5-6 gün sonra Elşən bacısı Samirənin mobil telefonuna zəng vurub: "Elşən məni telefona çağırdı və bildirdi ki, aramızda olanları heç kim bilməsin. O, özündə şəkil, video olduğunu, həmin şəkil və videoları montaj edərək, məktəbin həyətində hər kəsə paylayacağını deyib. Elşən dedi ki, əgər şəklinin yayılmasını istəmirsənsə, onunla yenidən görüşməliyəm.
"Mənimlə görüşəndə ətir və pul verirdi
Zərərçəkmiş bildirib ki, bundan sonra Elşənlə 30 dəfədən çox cinsi əlaqədə olub: "Elşən məni hər dəfə avtomaşınına mindirib və çöllük sahələrə, bəzən də restorana aparıb. O, mənə çoxlu pulu olduğunu deyib. Elşən mənimlə görüşəndə ətir və pul verirdi. Elşəndən qorxduğuma görə bu barədə heç kimə deməmişəm. Elşən mənim orta məktəbdə oxuduğumu və 13 yaşımın olmasını bilib.
"Sonradan Sahibəni zorlamasını bilmişəm
Şahid qismində ifadə verən Məhəbbət Səmədov bildirib ki, nişanlısı Samirənin yaşadığı kəndə həmkəndlisi Elşən Umudovla onun avtomaşında dörd dəfə gəlib: "2013-cü ilin noyabr ayında Samirə və onun bacısı Sahibə ilə Elşənin avtomaşınında Sabirabad rayonun Həşimxanlı kəndinə gəlmişik. Samirə ilə avtomaşından düşmüşük və xeyli aralanmışıq. Gecə qaranlıq olduğundan avtomaşının salonunu görməmişik. Təxminən 20 dəqiqədən sonra geri qayıtmışıq. Sonradan istintaq zamanı Elşənin avtomaşında Sahibəni zorlamasını bilmişəm.
13 il cəza, ciddi rejim
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Umudov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Bu hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində zorlama ittihamı üzrə günahsız olduğunu, şərləndiyini bildirib. O, Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını, oğurluq ittihamı üzrə cəzasının yüngülləşdirilməsini istəyib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Elşən Umudovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elşən Umudovun apelyasiya şikayəti təmin edilib.
Məktəblinin zorlayana niyə bəraət verildi?
Məhkəmə Elşən Umudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsi ilə ittihamı sübuta yetirə bilməyib. Bu səbəbdən məhkəmə həmin maddə üzrə Elşən Umudovun barəsində bəraət hökmü çıxarıb.
Həmçinin məhkəmə Elşən Umudovu Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilib. Həmin maddə ilə Elşən Umudova 8 il 6 ay cəza təyin edilib.
Bu qərardan prokurorluq narazı qalıb. Prokurorluq bəraət hökmünün ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Prokurorluq kasasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.
Elşən Umudovun barəsində verilən şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti üzrə qərar elan edilib.
13 yaşlı qızı zorlayanı hansı cəza gözləyir?
Qərara görə, prokurorluğun protesti təmin edilib və Elşən Umudovun barəsində çıxarılan bəraət hökmü ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Elşən Umudovun barəsində olan cinayət işinin materialları yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Elşən Umudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 149.3.3-cü və 177.3.2-ci maddələri ilə bağlı çıxarılan hökm yenidən araşdırılacaq.
Əgər bu dəfə apelyasiya instansiya məhkəməsinin hakimləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlasa, o zaman Elşən Umudov 13 il cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.