"Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti martın 15-i axşam saatlarında metro tunelində baş vermiş tüstülənmənin səbəbini açıqlayıb.
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Unikal.org-a bildirib ki, təxminən saat 20 radələrində metronun "28 May və "Gənclik stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib: "Həm sərnişinlərin stansiyaya daxil olmasında, həm də qatarların hərəkətində qısamüddətli fasilə yaranıb. Əməkdaşlarımız hadisənin səbəbini aydınlaşdırmaq üçün tunelə düşdülər. Aydın oldu ki, tuneldəki naqillərdə qısaqapanma nəticəsində qızma olub və onların izolyasiya hissəsi əriyib. Bu səbəbdən tüstülənmə yaranıb. Tüstü həm "Gənclik, həm də "28 May stansiyasında müşahidə edilib.
Nəsimi Paşayev əlavə edib ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına və təcili tibbi yardım xidmətinə məlumat verilib. O, deyib ki, sərnişinlərin sağlamlığı üçün heş bir təhlükə yaranmayıb, yalnız bir neçə nəfər tüstü nəticəsində özünü pis hiss edib və onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.
Metropoliten rəsmisi deyib ki, hazırda metro normal rejimdə çalışır.