Naxçıvan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov həbs xəbəri təsdiqlənib. "Turan" agentliyinin Naxçıvandakı mənbələri sabiq nazirin Naxçıvan MTN-in binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsi ittihamı ilə həbs edildiyini bildirib.
Unikal.org xəbər verir ki, agentliyin yazdığına görə həbsin əsl səbəbi V.Ələsgərovun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasıdır. Yerli mənbələr həmçinin bildiriblər ki, V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb.
"Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb", - Naxçıvandakı məlumatlı mənbə bildirib. Bundan əlavə, Naxçıvan şəhərində V.Ələsgərovun E.Mahmudov üçün tikdirdiyi villa sökülüb. Bata-bat adlanan kurort ərazisində E.Mahmudov üçün tikilən başqa bir villa isə müsadirə edilib.
Naxçıvanın rəsmi dairələrindən və ya Azərbaycan Baş Prokurorluğundan şərh almaq cəhdləri baş tutmayıb.
Xatırladaq ki, Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun MTN-də ölməsi də var.
Bundan əlavə, hüquq müdafiəçiləri Məlahət və İlqar Nəsibovlara çoxillik təzyiqlər sonuncunun hücuma məruz qalması və ağır xəsarət alması ilə nəticələnib.
"Yeni Müsavat" isə yazır ki, V. Ələsgərovun həbsi sabiq nazir Eldar Mahmudovun ətrafında halqanın daralması kimi qiymətləndirilir. Bildirilir ki, V.Ələsgərov E.Mahmudovun kriminal çetesinə daxil olmaqla qanunsuz dinləmələr həyata keçirməsinə qeyri-rəsmi göstərişlər verib. Bu yolla əldə olunan məlumatlardan sonradan siyasi şantaj vasitəsi kimi istifadə olunması nəzərdə tutulub. Hələlik qanunsuz dinləmələr yolu ilə əldə edilmiş materiallar vasitəsi ilə Naxçıvanın hansı vəzifəli şəxslərinin şantaj olunması haqda dəqiq məlumatlar yoxdur. Amma istisna deyil ki, belə şantajla üz-üzə qalan muxtar respublika rəhbərliyinə daxil olan şəxslər olub.
İndi məlum olur ki, V.Ələsgərov işdən çıxarılandan ev dustaqlığında olub. Onun Naxçıvan Ali Məclisinin rəhbərliyinə daxil olan şəxslərin qanunsuz dinləmələr həyata keçirməsi haqda da xəbərlər var.
Vəli Ələsgərovun Naxçıvandakı obyektləri, "XI əsr" adlı restoranı və ona bitişik marketi, pivə evi sökülüb.
Görünən budur ki, E.Mahmudovun yaxın ətrafına daxil olan şəxsləri həbs etməklə istintaq addım-addım eks-nazirin ətrafında halqanı daraldır. Hazırda MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi istintaq olunur. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. İş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.