Azərbaycanda fəaliyyət göstərən kitabxanalardan birinin sosial şəbəkələrdə paylaşılan fotosu müzakirəyə səbəb olub. 
Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, fotoda Mədəniyyət və Turizm Nazirliyi Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin MKS-nin II Güləbird kənd kitabxanasının təmirsiz və kiçik tikilisi əks olunub. Sosial şəbəkə istifadəçiləri kitabxanaya məxsus tikilini toyuq hininə bənzədiblər. 
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Laçın Rayon Mədəniyyət və Turizm şöbəsinin Mərkəzləşmiş Kitabxanasının rəhbəri Yusif Hüseynovla əlaqə saxlayıb. Y.Hüseynov açıqlamasında bildirib ki, sözügedən kitabxana Ağcəbədi rayonu Taxtakorpü qəsəbəsində yerləşir: "Həmin kitabxana 1990-cı ildə Laçın rayonunda açılıb. Rayon alınandan sonra isə kitabxana fəaliyyətini Taxtakorpü qəsəbəsində davam etdirib". 
"Kitabxananın tikintisi üçün nə qədər maddi vəsait sərf olunub" sualına Y.Hüseynovun cavabı belə olub: "Onu biz tikməmişik, kitabxanaçı özü tikib. Mən çoxdandır ki, orada olmamışam. Bizdə kitabxana rəhbərlərinin 90 faizi bu işləri özləri həll edir. Yer düzəldirlər, sonra da tikirlər. Nə Mədəniyyət və Turizm Nazirliyində, nə də Laçın Rayon İcra Hakimiyyətində elə bir fond yoxdur ki, kimsə ondan istifadə edib kitabxana tiksin. Tikinti üçün pul ayrılmır. Kitabxanaçılar özləri-özlərinə şərait yaradır".