ABŞ prezidenti Donald Trampın qızı İvanka və onun həyat yoldaşı Cared Kuşner ümumi dəyəri 740 milyon dollar həcmində qiymətləndirilən aktivlərə sahibdir.
İvanka Tramp Vaşinqtonda yerləşən "Trump International Hoteldə paya sahibdir. Otel Ağ evin yaxınlığında yerləşir və rəsmi nümayəndələrin prezident administrasiyasına jest olaraq məhz "Trump International Hoteldə qalmağa üstünlük verəcəkləri etik suallar doğurur.
Prezident qızının "Trump International Hoteldəki payı 5-25 milyon dollar həcmində dəyərləndirilir. Bu aktiv ona 2016-cı ilin yanvarından 2017-ci ilin martınadək təxminən 1-5 milyon dollar gəlir gətirib.
İvanka Tramp və Cared Kuşner cütlüyünün gəlirləri barədə məlumatlar Ağ evin digər yüksək vəzifəli əməkdaşlarının deklarasiyaları ilə birgə dərc olunub.
"Bloomberg agentliyinin məlumata əsasən, Donald Tramp administrasiyası Amerika tarixinin ən varlı prezident komandasıdır. Onların ümumi varidatı 12 milyard dollar həcmində qiymətləndirilir.
Xatırladaq ki, ABŞ liderinin böyük qızı İvanka Tramp martın axırlarında Ağ evdə prezident köməkçisi təyin olunub. Onun həyat yoldaşı Cared Kuşner isə Donald Trampın baş müşaviri postunu tutur.