Bakıda motosiklet sürücüsü qəza törədib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Rüstəmov Elvin Əliağa oğlu idarə etdiyi 10-B695 dövlət qeydiyyat nişanlı, "Yamaha" markalı motosikletlə İnşaatçılar prospektində yüksək sürətlə hərəkətdə olarkən piyada keçidindən keçən, şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 30-35 yaşlı kişini vurub. Nəticədə həm piyada, həm də motosikletin sürücüsü E.Rüstəmov ağır xəsarət alıb.
Piyada və bayker xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Motosiklet cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Qəza zamanı dünyasını dəyişən şəxsi tanıyanlardan DİN-in 102 Çağrı Mərkəzinə, yaxud yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur.