Goranboy rayonunda fəaliyyət göstərən iş adamı, bir neçə şirkətin sahibi, "Galib Group MMC-nin rəhbəri Qalib Mustafayev Doberman cinsindən olan itlərinin şərəfinə içkili, sazlı-sözlü məclis qurararaq onları "evləndirib.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Goranboyda baş tutan "it toyu ilə bağlı Qalib Mustafayevin özüylə əlaqə saxlayıb. Biznesmen açıqlamasında yazılanların "ağ yalan olduğunu və əslində sadəcə olaraq yaxın dostları ilə yeyib-içdiklərini, zarafatlaşdıqlarını bildirib. Onun sözlərinə görə, bu görüntülər rəqibləri tərəfindən mətbuatda məqsədli şəkildə yayılıb.
"Mən iş adamıyam, şirkətlərimdə yüzlərlə adama çörək verirəm. Goranboy rayonunun inkişafı üçün sərmayə qoyan adamam. Bu ağ yalandır, mənim nüfuzuma zərbədir,- deyə biznesmen bildirib.
Bəs üzərində itlərin təsviri olan tort və aşığın itlərin şəninə mahnı oxuması necə olsun? Biznesmen bu kadrları təkzib etməyib, bir daha 4-5 nəfər dostu ilə yığışaraq yeyib-içdiklərini və zarafatlaşdıqlarını bildirib. Biznesmen həmçinin bildirib ki, onun nüfuzdan salmaq üçün belə bir yola əl atan rəqiblərini məhkəməyə verəcək: "Azərbaycan demokratik ölkədir, hər kəsin yeyib-içmək, zarafatlaşmaq hüququ var. Dörd nəfər dostla, 1 kilo ət alıb bişirmişik, yeyib içmişik, bunu mətbuata çıxararaq şişirdiblər. Bizi sevməyənlər o qədər var ki, rəqiblərimizin işidir.
Biznesmen həmçinin bildirib ki, artıq şübhələndiyi adam da var və onu işdən çıxarıb.